"Kişi sözü" filminə baxmayanınız olmaz, yəqin ki. Qasım bütün ümidlərini gələcək qaynatası sandığı ağsaqqalın bircə sözünə bağlamışdı. Axırını da bilirsiz, uzatmağa ehtiyac yoxdu, məncə.
Anar Niyazovu da tanımayanınız olmaz, yəqin ki. İndiki hakimbaşı Xaqani Məmmədovun məşhur "qatar əhvalatı"nı ovaxtkı hakimbaşı Əli Hüseynovun ovcuna qoyan adam. Etdiyi hərəkətlə (el arasında bunun adı bəllidi) o vaxtın ulduz hakimini söndürüb öz yolunu açacağını düşünürdü. Əbləh…
Hüseynovun "atalıq qayğısı"ndan o qədər vəcdə gəlmişdi ki, bir zamanlar, "Gənclərbirliyi"nin oyununda azarkeşi söyəcək qədər harınladı. Cəzasız qaldıqca "şişdi". Tarix bumeranq zərbələriylə doludu. Vaxt keçdi, dövran dəyişdi, Ramin Musayev PFL-ə başqan təyin olundu və Əli Hüseynovun yaratdığı sabun köpüklərini bir-bir partlatmağa başladı. Bir vaxtlar pul verdiyi adamlar idi axı hamısı. Kimisini qovdu, kimisini "intihar" elətdirdi, kimisini də Birinci diviziona göndərməklə "sındırdı". Niyazov sonunculardan idi. Deyirdi ki, müvəqqəti göndərilmişəm Birinci diviziona, yenidən Premyer Liqaya qayıdacağı günü gözləyirdi. Sadəlövh…
…"Ən qədim peşə" sahiblərinin tövbəsi çox mücərrəd məsələdi. Heç yoxdu demirəm, amma mən hələ hər hansı fahişənin tövbə edib düz yola qayıtdığını görməmişəm. Rüşvət də fahişəlikdi. Hələ kişinin rüşvət alması qadının fahişəliyindən də betərdi, mənə görə. Elə bir mərəzdi ki, bir dəfə aldınsa, davamını səbirsizliklə gözləyir insan. Eynən özünü kişilərin qoynuna atmaq üçün alışıb-yanan qızın bakirəliyinin pozulacağı günü səbirsizsizliklə gözləməsi kimi…
İlin əvvəlində "Qaradağ-Lökbatan"ın baş məşqçisi Adil Mahmudov növbəti dəfə Anarın simasını açıb ortaya qoydu. Niyazov oyundan əvvəl Mahmudova SMS yazıbmış: "Sizi sürüyəcəm". Adil bəyin ovaxtkı müsahibələrini oxuyanların yadında olar, iddia edirdi ki, Anar ondan qələbəyə görə "mükafat" istəyib. "Yox" cavabı alınca da həmin SMS-i yazıb. Niyazov o olaydan sonra Mahmudovun ünvanına nələr demişdi, xatırlayanlar var yəqin ki. Xatırlamayanlar aşağıdakı ilk videodakı səs yazısını dinləsin. Həmkarım Amil Hacıyevin bu məsələyə həsr elədiyi verilişin videosunu da izləyin və Anarın xislətini görün…
O biabırçılıqdan sonra hakimbaşının Niyazovu hakimlikdən birdəfəlik uzaqlaşdırdığı xəbəri də çıxmışdı. Xəbər az qala təsdiqini də tapmışdı. Mövsümün axırına qədər, səhv etmirəmsə, ona bir dənə də təyinat verilmədi. Əvəzində Niyazov dürlü-dürlü açıqlamalar verir və açıq şəkildə təhdid edirdi. "Məni hakimlikdən qovduqlarını rəsmi qərarla bildirsinlər, görsünlər nə oyun açıram başlarına" – deyirdi. Sitat: "Xaqani Məmmədova bir sualım var: Oyunda etdiyim səhvlərə görə məni hakimlikdən ömürlük uzaqlaşdırırsızsa, niyə Antalyaya getməmişdən əvvəl ANS-də deyirdiz ki, hakim oyunu qaydalar çərçivəsində idarə edib? Televiziyada belə deyir, orda-burda da başqa şeylər. Hər şeyi özünüz edirsizsə, niyə bunu Rövnəq Abdullayevin üzərinə atırlar? Nağıl danışırlar da. Hamı hər şeyi yaxşı bilir, amma heç kim heç nə danışmır. Mən rəsmi qərarı gözləyirəm. Rəsmi qərar çıxsa, mən də bilirəm nə edəcəm. Onda gərək hakim qalmasın ki, hamısın qovsunlar". Və elə bu müsahibəsinin sonunda israrla deyirdi ki, qurtardı Birinci divizion söhbəti: "Mən birinci bivizionla qurtarmışam. Bu söz söhbət mənə maraqlı deyil, əgər məni Premyer Liqaya qaytarmasalar, hakimliyə qayıtmayacam". Və bunu sonradan qatıldığı bütün verilişlərdə, verdiyi bütün açıqlamalarda israrla dedi.
Buyurun, hədələri nəticə verib. "Birinci diviziona getmərəm" deyən Anar yenidən hakimliyə qayıdıb. Yenə Birinci divizionda "at oynadır". Bu gün də "Mil Muğan" – "Araz Naxçıvan" oyununda hakimlik yox, klounluq edirmiş, deyilənə görə. Muxtar Respublika komandasının çox ciddi ittihamları var. İki penalti epizodunda fiti susub, "Mil Muğan"ın futbolçularının "Araz-Naxçıvan"lı oyunçuları təhqir etmələrinə göz yumub. İttihamlar "Birinci diviziona qayıtmaram" – deyən, amma tüpürdüyünü yalayan bu adamın hakimlik kitabının birdəfəlik bağlanması üçün bəs qədərdi. Sabahı gözləyirik.
…Mən hələ də anlaya bilmirəm ki, Ramin Musayev, Xaqani Məmmədov Anarı, onun kimi "kirli dəsmalları" futboldan birdəfəlik silməkdən niyə bu qədər qorxur? Nə deyəcək ki? Rüşvət aldığınızı, "şike yapdırdığınızı" deyəcək? Desin də! Guya təzə xəbərdi? Odey, Babək Quliyev 2 ildi danışır, nəticəsi var? Mətbuat bezib artıq sizin kirli keçmişinizin baş mövzu olduğu çeynənmiş söhbətlərdən, Ramin bəy, Xaqani əkə. Hamının bir-birinin necə adam olduğunu tanıyacağı qədər balaca cameəmiz var bizim. Bu "dəsmalların" kirini yumaqla təmizləmək olmur, Ramin bəy! Onları yandırmaq vaxtı çoxdan çatıb!
Yuxarıda "Kişi sözü" filmini elə-belə xatırlatmadım. Heç fahişə söhbətini də…