Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt” – “Qarabağ” oyunu hər 2 komanda üçün əlamətdar olub. Korner.az– ın məlumatına görə, qonaqlar üçün rekord kimi yadda qalan oyun meydan sahibləri üçün antirekordla tarixə düşüb.
Tarixində 9-cu dəfə böyük hesabla uduzan “Sumqayıt” ən acınacaqlı yenilgisinə üzülüb. Birinci divizionda 2, kubokda 1 dəfə belə məğlub olan komanda Premyer Liqada 6-cı dəfə 3 və ya daha böyük fərqlə uduzdu. İndiyədək ən pis halda 4 top fərqinə üzülən sumqayıtlılar I divizionda “Rəvan” (13.09.2010) və “Abşeron”a (28.11.2010), Premyer Liqada “Neftçi”yə 0:4 (21.08.2011) hesabı ilə uduzmuşdu. Bu oyunlarda yalnız “Abşeron” səfərdə qalib gəlmişdi.
“Qarabağ” isə Premyer Liqada ən böyükhesablı səfər qələbəsini qazandı. Əvvəllər rəqib meydanlarında 3 dəfə 5 top fərqinə sevinən ağdamlılar rekordunu növbəti dəfə təkrarladı. 1993/94 mövsümündə “Avtomobilçi”ni (26.02.1994), 1997/98 mövsümündə U-18-i (16.05.1998) 5:0 hesabı ilə məğlub edən “Qarabağ” 2006/04 mövsümündə elə Sumqayıtda 6:1 hesabına sevinmişdi. Həmin vaxt “Xəzər” böyükhesabla məğlub edilmişdi. 9 il sonra isə eyni meydanda rekord təkrarlandı.
Qeyd edək ki, “Qarabağ”ın Premyer Liqadakı ən böyükhesablı səfər qələbəsi 7:0 hesabı ilə olub. Lakin Bərdənin “Pambıqçı” klubu ilə oyundakı (02.08.1995) həmin oyunun nəticəsi rəqib çempionatdan çıxarıldığı üçün ləğv olunmuşdu.
PFL
