"Simurq"un Premyer Liqanın geridə qalan 18- turu ərzində göstərdiyi performans deyəsən Berti Foqtsu hərəkətə keçirib.
Korner.az-ın məlumatına görə, alman mütəxəssis Zaqatala klubnunun qapıçısı David Petrkeviçə Azərbaycan yığmasında oynamaqı təklif edib.
Bu barədə xəbəri Polşa mətbuatı yayıb. Xəbərdə bildirilir ki, polyak qapıçının milliyə dəvət edilməsi şəxsən Foqtsun təşəbbüsüdü.
"Simurq"un qolkiperi bununla bağlı ölkəsinin mətbuatına bunları deyib:
“Etiraf etməliyəm ki, ilk dəfə Azərbaycan yığmasında oynamaq təklifini alanda, çox təəccübləndim. Bayram vaxtı bu haqda çox düşündüm. Bir tərəfdən mən polyakam. Digər tərəfdən isə əksər oyunçular belə fürsət düşəndə başqa ölkələrin yığmasının şərəfini qoruyurlar. İstənilən halda yığmada oynamaq şərəfdi”.
Petrkeviç təklifə baxmayaraq hələ yekun qərarı qəbul etmədiyini bildirib. Polyak qapıçı milliləşdirilməsinə razılaşsa, komandamızın fevral ayında Dubayda baş tutacaq hazırlıq prosesinə qatıla bilər.
Maraq üçün onu da bildirək ki, Petrkeviç bu mövsüm “Simurq”un heyətində 16 oyuna çıxıb. Əvvəllər isə o, vətənində “Stal”, “Poloniya”, eləcə də Çexiyanın “Banik” və “Primorye” klublarında çıxış edib.