Oturub ayıblarına kor olmaqdansa, çıxıb millətdən üzr istəməkdənsə, indi də hakimin dəyişdirilməsi söhbətini ortaya atıb diqqəti yayındırırlar. Nəymiş? Guyamış hakim rüşvətxorun yekəsiymiş, guyamış “kirli oyunlar”da əli varmış, guyamış… Korun kora dediyi söhbətin bir ucu qayıdıb özünə toxunmasaydı nə vardı ki…
Bu gedişlə 2012, doğrudan da, Rövnəq Abdullayev üçün dünyanın sonu-fason bir şey olacaq. İl başlayandan kişininki gətirmir də. Sinqapur elə çapdı, Fələstin belə hürkütdü… Bəs idmana diqqət, qayğı, bəs futbolumuzun “tumurcuqlama”dan “çiçəkaçma” dövrünə keçməsi, … zart-zurt?
20 ildi hər gün çığır-bağırını saldığımız qaçqınlarımız, sağlıqlarına qismət, indi elə şərait qurublar ki, mən inanmıram sabah hansısa geri qayıtmaq istəsin. Saçını jeleylə Bakıda tanış eləmiş “şüyüdbığ” qayıdarmı peyinin içinə? Qayıtmaz… 20 ildə qaçqından sahibkara çevrilən bu məmləkətin özümüzünkülərdən, üstəgəl, qardaş məmləkətdən gələnlərdən ibarət komandası 1948-ci ildən qaçqın, səfil günündə yaşayan, hər tərəfdən blokadaya alınan, başına itin zülmü gətirilən bir ölkənin komandası qarşısında o gün elə rəzil görünürdü ki…
Oyunun üstündən 2 gün keçib və hələ də ləyaqəti olan bir nəfər çıxıb məğlubiyyətə görə məsuliyyəti boynuna götürmür. Tam əksinə, aldıqları şapalaqdan qızaran sifətlərini bir az da qızardıb qırmızı-qırmızı hər şeyi hakimin boynuna atırlar! Ayıbdır, vallah ayıbdır… Bilirəm, onsuz da bu ifadənin biabırçılıqdan məsul kəslər üçün heç bir mənası yoxdu…
Fələstin biabırçılığından hiddətlənənlərə (başda özüm olmaqla): Bəkarətini itirmiş qız üçün neçə dəfə zorlanmağının nə mənası var axı? Vecimizə almayaq…
P.S. Əlinizdən bir şey gəlmir, yazıq hakimi bədbəxt eləməyin… Axı məşhur el məsəlində deyildiyi kimi, “iş işdən keçəndən sonra tumanbağını bərkitməyin nə mənası var?”