Ötən gün “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov və komandanın fəal azarkeşləri arasında görüş keçirilib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumilikdə iyirmiyə qədər adamın qatıldığı görüşdə komandanın bütün aparıcı fan-klublarının nümayəndələri iştirak edib.
Azarkeşlər baş məşqçiyə müxtəlif mövzularda suallar verməklə yanaşı, ayrı-ayrı məsələlərlə bağlı öz fikirlərini də bildiriblər. Əvvəlcə “Xəzər Lənkəran”ın ötən mövsümdəki çıxışı iştirakçılar tərəfindən müzakirə olunub, azarkeşlər komandanın oyunu barədə öz mülahizələri ilə bölüşüblər.
Daha bir geniş müzakirə olunan mövzu yerli gənclərin əsas komandaya qatılma prosesi olub. Milli komandanın müxtəlif yaş qruplarında seçilən “Xəzər Lənkəran”lı gənclərə qayğının vacibliyi xüsusi vurğulanıb.
Həmçinin qarşıdan gələn Avropa Liqası təsnifat mərhələsi, komandanın transfer məsələləri, futbolçularla azarkeşlər arasında münasibət və digər məqamlaq barədə baş məşqçi və azarkeşlər arasında fikir mübadiləsi aparılıb.
İstər azarkeşlər, istər Yunis Hüseynov görüşdən məmnun qaldıqlarını bildiriblər. Mütəxəssis azarkeşlərin fikirlərinin komanda üçün vacib olduğunu söyləyib və verilən dəstəyinə layiq oyun nümayiş etdirmək üçün bütün komandanın bundan sonra da əlindən gələni edəcəyinə söz verib.
Baş məşqçi və azarkeşlərin bu cür görüşlərin tez-tez keçirilməsinin müsbət rol oynayacağını qeyd ediblər.