UEFA-nın nümayəndələri Bakıda 2 günlük səfərdə olublar. Korner.az-ın məlumatına görə, Bakıya Şərq regionu üzrə bölgə direktoru Bruno Volfisberq və Kommersiya məsələləri üzrə mütəxəssisi Kris Vilson gəliblər.
Səfərin məqsədi "Neftçi"nin Avropa Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunlarına aparılan hazırlıqlarla tanış olmaq olub. Volfisberq və Vilson qarşılaşmaların keçiriləcəyi “Tofiq Bəhramov” adına Respublika stadionuna baş çəkiblər.
Bundan başqa qonaqlar kommersiya, mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz məsləhətlərini veriblər və UEFA-nın tələblərini "Neftçi" rəsmilərinin nəzərinə çatdırıblar. UEFA-nın nümayəndə heyəti oktyabrın 4-də keçiriləcək "Neftçi" – "İnter" oyunu öncəsi də Bakıya səfər edəcək. Bu dəfə onlar daha geniş heyətlə gələcəkləri gözlənilir.
