Avropa liqası

“Şerif”in baş məşqçisi: “Qarabağ”ın zəif cəhətlərini bilirik”

29.08.2018 , 19:52

“Şerif”in baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsində sabah Bakıda “Qarabağ” klubuna qarşı keçirəcəkləri matç öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib:

“Sabah ikinci oyunumuz olacaq. İlk oyunda əldə edilən nəticə bizə irəli getmək üçün şanslar verir. Məlum məsələdir ki, çox çətin olacaq. Rəqib çox güclüdür. Bundan başqa evdə oynayacaqlar. Rəqib topla yaxşı rəftar edir. “Şerif” birinci oyundan da yaxşı oynaya bilər. Əminəm ki, komandamız fiziki cəhətdən çox yaxşı durumdadır. Sabah özümüzün ən yaxşı oyununu göstərməyə çalışacağıq”

– Denis Kalinkovla danışdım, vaxtilə Azərbaycanda oynayıb. O bildirdi ki, düşünürəm ki, “Şerif” Bakıda onların nə gözlədiklərindən xəbərsizdi. Siz bu fikirlə razılaşırsınızmı?
– Əlbəttə, bilirəm. Bilirəm ki, stadion tam dolacaq. Ancaq düşünmürəm ki, bu böyük rol oynayacaq. “Qarabağ” da, “Şerif” də belə atmosferdə oynamağı bilir. Təkrar edirəm, bizim yaxşı şanslarımız var. Bilirəm ki, asan olmayacaq.

– Sabah ehtiyatlı, qorxaq, geridən oynayan “Şerif” görəcəyik, yoxsa öz oyununuzu oynayacaqsınız?
– Ötən il Çempionlar Liqasında oynayan komandaya qarşı oynayırıq. Başa düşürük ki, belə komandaya qarşı açıq futbol oynaya bilmərik. Rəqib bizi müdafiədən oynamağa məcbur edə bilər. Hücum şansımız olduqda, hücum edəcəyik. Müdafiə lazım gəlsə, müdafiədə olacağıq. Hər komandanın güclü və zəif tərəfləri var. “Qarabağ”ı yaxşı öyrənmişik. Hər şeyi sabah görəcəyik.

– Roberto Bordindən məsləhət almısınızmı?
– Onunla əlaqə saxlamamışıq. Lazım deyil. Oyunlarına baxdıqda hər şey aydın olur. “Qarabağ” uzun zamandır, bir məşqçi ilə işləyir. Bu da komandada hiss olunur. Bu komandanın güclü və zəif cəhətlərini də bilirik.

– İlk oyunda Emeqara yox idi. “Qarabağ”da elə oyunçu varmı ki, ondan xüsusi çəkinirsiniz?
– Emeqaranın hücumçu keyifiyyətlərinə də nəzər yetirmişik. Diqqət yetiriləsi oyunçudur. Boş mövqelərə açılır. Onu yaxşı analiz etmişik. Düşünmürəm ki, sabah oyunu bir oyunçu həll edəcək. “Qarabağ”da bir neçə yaxşı oyunçu var. Sadəcə öz oyunumuzu oynamalıyıq.

Son yazılar

Yuxarı