Azərbaycan Premyer Liqasının V turu 2 stadionda mövsümün ilk matçlarının keçirilməsi ilə əlamətdar oldu.
Korner..az-ın PFL-ın rəsmi saytına istinadən məlumatına görə, təmir işləri ilə əlaqədar uzun müddətdir çempionat oyunlarını qəbul etməyən “Şəfa” stadionu “İnter” – “Sumqayıt” görüşünə ev sahibliyi etdi. “Rəvan” – “Simurq” matçının keçirildiyi “Bayıl Arena” isə ümumiyyətlə ilk dəfə Premyer Liqa qarşılaşmasına meydan oldu.
Bu oyunlaradək Premyer Liqanın cari mövsümü 10 stadionda keçirilmişdi. Klublar Bakıda “Bakı”nın təlim-məşq bazası, AZAL Arena, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, Dalğa Arena stadionlarında, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatala şəhər stadionlarında meydana çıxmışdılar. Bu siyahıya paytaxtın daha 2 arenasının əlavə olunması ilə 12 Premyer Liqa klubunun cari mövsüm yararlandığı arenaların sayı 12-yə çatdı.
