Zaqatalanın “Simurq” klubu məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Rəvan”ın qapısına 2 cavabsız qol vuran ardıcıl 10-cu dəfə meydandan xalla ayrılıb.
Georgi Çixradzenin yetirmələri sonuncu dəfə ötən mövsümün aprelin 1-də keçirilən oyunda öz meydanında AZAL-a 1:2 hesabı ilə məğlub olub. Bundan sonra komanda ötən mövsümün son 6 və cari mövsümün ilk 4 turunda xalsız qalmayıb. 167 gündür uduzmayan komanda səfərdə daha inamlı təsir bağışlayır.
Çixradzenin baş məşqçi postuna gəlməsindən sonra rəqib meydanlarında yenilməyən “Simurq” sonuncu dəfə 192 gün əvvəl “Qarabağ”la matçda meydanı məğlub tərk edib.
Qeyd edək ki, Zaqatala təmsilçisi ardıcıl 7-ci səfər oyununda uduzmur. Həmçinin, “Simurq” məğlub olmadığı son 10 oyunda 4 qələbə qazanıb və 6 heç-heçə edib.
