“Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç ölkəsində nəşr olunan “Sportski Jurnal” dərgisinə müsahibə verib.
Korner.az xəbər verir ki, qolkiper “Neftçi”nin Kipr zəfəri ilə yanaşı, “Partizan”la oyun barədə fikirlərini bölüşüb.
“Neftçi”nin Azərbaycan klubları arasında ilk dəfə qrup mərhələsinə qatıldığını deyən Saşa bu zəfərin səhərədək qeyd olunduğunu bildirib: “Biz indi çoxsaylı təbriklər alırıq. Sübut etdik ki, APOEL-dən daha güclüyük. Bu, xırda məsələ deyildi, ötən il Çempionlar Liqasının 1/4 final mərhələsində oynamış komandanı məğlub etdik”.
“Partizan”la oyuna yüksək motivasıya ilə çıxacağınızla bağlı müəyyən şübhələr var” sualına Stamenkoviçin cavabı qısa olub: “Partizan”la oyun digər oyunlardan fərqlənməyəcək. Əsas diqqəti “İnter”lə görüşə yönəldəcəyik! Mən “Partizan”dakı vəziyyətlə çoxdandı maraqlanmıram. Hazırlaşmaq üçün qarşıda 3 həftə var. “İnter” qrupun favoritidi, qalan üç komanda ikinci yer üçün mübarizə aparacaq”.
“Partizan”ın baş məşqçisi Vladimir Vermezoviçi Bakıda nə gözləyir” sualına cavabında isə Saşa “Neftçi”ni tərifləyib: “Neftçi” 10 ildən artıqdı öz meydanında uduzmur. Bakıya “Partizan”dan da güclü komandalar gəlib. Biz hamıya qarşı hücumameyilli futbol oynayırıq”.
