“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
– Əvvəlcə yeni mövsümün hazırlıq prosesi ilə bağlı danışaq. Hazırlıq proqramı necə planlaşdırılıb?
– Bildiyiniz kimi, Suraxanıda məşqlərə ayın 25-i başlamışıq. İyunun 30-a qədər Bakıda hazırlıq keçəcəyik. Həmin gün isə Türkiyəyə yola düşürük. Orada iki həftəlik təlim-məşq toplantısı nəzərdə tutulub.
– Hazırlıq dövründə hansı rəqiblərlə qarşılaşacaqsınız?
– Ümumiyyətlə, Türkiyə toplantısı 2 mərhələdən ibarət olacaq. İlk mərhələ Ankarada – Qızılcahamamda keçiriləcək. Burada 2 oyun keçirməyi düşünürük. İkinci mərhələni isə Boluda keçirəcəyik. Orada isə 5 yoldaşlıq görüşünə çıxmağı planlaşdırırıq. Təxmini rəqiblərin kim olacağını düşünmüşük, ancaq dəqiqləşdirməmişik. Həmçinin oyunların tarixi də müəyyənləşməyib.
– Ümumiyyətlə, hazırlıq vaxtı rəqibləri hansı kriteriyalara əsasən seçirsiniz?
– Hər mərhələnin öz strategiyası var. Çalışırıq ki, hazırlığın əvvəlində zəif rəqiblərlə qarşılaşaq. Çünki ilk vaxtlarda futbolçularda yüklənmə çox olur və birdən-birə güclü komanda ilə qarşılaşsaq, istədiyimiz oyunu qura bilmərik. Həm də futbolçularımızın zədələnmə ehtimalı daha çox olur. Hazırlığın sonlarına doğru getdikcə daha səviyyəli rəqiblər seçirik. Hətta nisbətən tanınmış komandalar axtarırıq. Onu da deyim ki, rəqibin kimliyindən asılı olmayaraq ən vacib məsələ öz oyun sistemimizi qurmaqdı. Bundan başqa təkbətək mübarizələr üzərində ayrıca işləyirik.
– İlk legioner transferiniz xorvatiyalı qapıçı Miro Varvodiç oldu…
– Bildiyiniz kimi, Varvodiç “Köln”dən gəlib. Komandada əsas qapıçı kimi bir yerli, bir əcnəbi futbolçu düşünürəm. Bunlardan biri Varvodiç, digəri Fərhad Vəliyevdi. Çalışıram ki, hər ikisi bərabər səviyyədə olsun. Belə olduqda həm rəqabət olur, həm də getdikcə yerli oyunçularla bağlı limit artır deyə onlara tələbatımız çoxalır. Məsələn, bu ildən meydanda minimum 4 yerli futbolçu olmalıdı. Ona görə də həm yerli, həm də gəlmə qapıçıya ehtiyac var.
– PFL-in qərarına görə, bu ildən hər komanda meydana ən az bir 21 yaşına çatmamış futbolçu buraxmalıdı. Bu sizə problem yaradacaqmı? İddialı klublarımız bu qərara mənfi yanaşır. Onlar əsas heyətdə daim 1 yeri təcrübəsiz futbolçuya etibar etmək istəmir.
– Bilirsiz, indi hər il yeni bir qərar çıxır. Məsələn, əvvəl “altılıq” başladıqda yalnız “qızıl xallar” hesaba alınırdı. Sonradan bütün xalları hesablamağa başladılar. İndi də 21 yaşdan aşağı futbolçu ilə bağlı qərar verilib. Anlayıram ki, bu dəyişikliklər futbolun inkişafına hesablanıb. Amma bu o demək deyil ki, bu qərar bizim gələcəyimiz üçün xeyirli olacaq. Bütün komandalarda 1 yer problem olacaq. Çünki bu yaşda oyunçu Azərbaycan ideologiyasına görə əsas heyətdə daim yer ala bilməz. Bundan başqa, tək-tük oyunçular var ki, bir sezonu sonadək əsas heyətdə başa çatdıra bilsin. Bu, fiziki cəhətdən də mümkün deyil. Çünki bu yaşda futbolçunun zədə alması və yorulması ehtimalı da daha çoxdu. Bu səbəbdən bu məsələ bizə problem yaradacaq. Digər tərəfdən ən az 3-4 20 yaşlı futbolçumuz olmalıdı ki, ondan istifadə edək. Çünki futbolçunun yorulması, zədələnməsi, cəzalandırılması var. Bu məsələ bizim sistemimizi də pozur. Çünki eyni mövqeyə 4 nəfər 20 yaşlı futbolçu tapmaq olmaz. Bu gün 20 yaşlı müdafiəçini meydana buraxıram. Sabah ona bir şey olsa, artıq başqa bir mövqedə gənc oyunçu oynatmalıyam. Belə olduqda oyun mexanizmi də pozulur. Hələ ki bu problem görünmür. Amma çempionat başladıqdan sonra özünü göstərəcək.
– Elə futbolçunuz varmı ki, bu tələbi ödəmək üçün ona güvənəsiniz?
– Komandamızda gənc oyunçular var. Amma bu çıxış yolu deyil. Yenə də tez-tez dəyişikliklərə əl atmalı olacam. Konkret oyunçuya gəldikdə, mən keçən il Qara Qarayevi əsas heyətdə oynadırdım. Qara 1992-ci il təvəllüdlüdü və demək olar ki, bütün oyunlarda əsas heyətdə meydana çıxdı. Amma tək bununla işlər düzəlmir.
– Yeni transferiniz Elnur Abdulovun 19 yaşı var. Onun keçidi də bu problemi həll etməyə hesablanıb?
– Elnur son mövsüm bizə qarşı 2 ya da 3 oyun keçirib. Potensiallı futbolçudu. Düşünürəm ki, gələcəkdə yaxşı oyunçulardan biri olacaq. Son vaxtlar eşitdik ki, müqaviləsi bitib və az bir vaxtda bu transferi həll etdik. Bundan başqa, “Bakı”dan Hacı Əhmədovu da heyətə cəlb etmişik. O da 1993-cü ildəndi. Müdafiə xəttimizi gücləndirəcək. Ola bilər, ilk vaxtlar bu futbolçularda uyğunlaşma problem olsun. Müəyyən vaxt lazım ola bilər. Amma düşünürəm ki, bu futbolçulardan fayda götürəcəyik. Ümumiyyətlə, son vaxtlar yerli gəncləri komandaya yığmağı çox istəyirdim. 3 il əvvəl Əfrana, Raufa, Maksimə Avrokuboklarda şans verdik və onlar özlərini doğrultdular. Bu gün bu futbolçuların 22-23 yaşı var və artıq onlara cavan və təcrübəli futbolçu kimi baxırıq. Və belə futbolçulara yenə ehtiyacımız var. Bir neçə ildən sonra onlar daha yaxşı təsir bağışlayacaq və potensialları ortaya çıxacaq. Biz “Qarabağ” olaraq hər zaman yerlilərə üstünlük verməyə çalışırıq. Ancaq elə məqamlar olur ki, yerli oyunçudan imtina edib legioner gətirməyə məcbur oluruq.
– Transfer seçimini rəhbərlik edir, yoxsa yalnız sizin bəyəndiyiniz futbolçular alınır?
– Xeyr, rəhbərlik transferlərə qarışmır. Bu bizim ən üstün cəhətimizdir ki, klub rəhbərliyi transfer məsələlərini tam olaraq mənə həvalə edib.
– Daha hansı mövqelərə transfer etməyi düşünürsüz?
– 100 % dəqiqləşdirdiyimiz bir şey yoxdu, amma maraqlandığımız futbolçular var. Həm mərkəzdə, həm də hücum xəttində hansısa dəyişikliklər etmək istəyirik. Amma düşündüyümüz futbolçuların transferi reallaşarsa. Yox, əgər istədiyim futbolçularla razılığa gələ bilməsək, əlimizdə olanlarla davam edəcəyik. Hər halda transfer pəncərəsinin son gününə kimi axtarışda olacağıq.
– Lakin bu mövsüm “Qarabağ”ın uğursuzluğunu əksəriyyət heyətdəki çatışmazlıqlarla bağladı və belə məqamda hamı komandadan transfer gözləyir
– Bilirsiz, dəyişiklik həmişə hər komandaya vacibdi. Hər çempionatda yeni futbolçuların gəlməsi digər oyunçuların da həvəsini artırır. Bizə də 3, 4, bəlkə də, 5 belə oyunçu lazımdı. Biz neçə ildi ki, stabil heyətlə oynayırdıq, lakin bu mövsüm bir çox futbolçu ilə yollarımızı ayırmalı olduq. Ola bilər, tam istədiyimiz komandanı hələ formalaşdıra bilməmişik. Amma çalışırıq ki, get-gedə 3-4 ilə oturuşacaq bir komanda quraq.
– Rəşad Sadiqovun yerini kimlə dolduracaqsınız?
– Hazırda axtarışdayıq. Rəşad çempionatın son 2 oyununda oynamadı. Bundan başqa, mövsüm ərzində zədəli olduğu 7-8 oyunda da çıxış etmədi. Bu oyunlarda digər futbolçulardan istifadə edirdik. Amma yenə də Rəşadın yerinə bir futbolçu axtarırıq.
– Yeni mövsümdə hədəfiniz nədi?
– Həm bir məşqçi kimi, həm də komanda kimi çalışırıq ki, həmişə maksimum nəticə göstərək. Əlbəttə, hamı kimi mən də çempion olmaq istəyirəm. Minimum vəzifə isə Avrokuboklara vəsiqə qazanmaqdı.
– “Qarabağ” Quzanlıdan imtina edəcək?
– Bu məsələ hələ dəqiqləşməyib. Bildiyiniz kimi, biz Suraxanı stadionunda baza qurmağa çalışırıq. İstəyirik ki, daim orada məskunlaşaq. Bizimçün həqiqətən çətindi daim yolda olmaq. Həm səfər oyunlarında Bakıdan çıxırıq, həm ev oyunlarında. Həm fiziki, həm də psixoloji yorğunluğumuz olur. Futbolçu nə qədər öz bazasında qalsa, həmişə istər həkimin, istər bizim nəzarətimizdə olsa, komanda bir o qədər yaxşı oturuşar. Dünya təcrübəsində də bu belədir. Buna görə istəyirik ki, bazamızı Suraxanıda tikək. Baxmayaraq ki, biz təkcə Ağdamı yox, bütün Qarabağı təmsil edirik. Və bizə hər zaman böyük azarkeş dəstəyi olur Ağdamda. Stadion daim dolur. Biz o insanlardan ancaq xoş münasibət görürük. Suraxanıya gediriksə, o demək deyil ki, biz kimisə atırıq, kiməsə inanmırıq. Əksinə, daim istəyirik ki, bütün Qarabağ camaatı bizim oyunlarımızı izləsin, bizi dəstəkləsin. Digər tərəfdən də, istəyirik ki, öz stadionumuz, öz bazamız olsun. Hələ ki, stadionun proyekti tam hazır deyil. Layihə qurulur. Stadionda yenidənqurma işləri olacaq. Yaxın vaxtlarda bununla bağlı dəqiq qərar veriləcək.
– Peşəkar Futbol Liqası Quzanlıdakı stadionda əlavə tribuna tikdirmək istəyirdi. Lakin “Qarabağ” Quzanlıdan köçərsə, bunun əhəmiyyəti qalmır.
– Belə bir söhbət var idi. Ramin müəllim də bunu təsdiqləmişdi (PFL prezidenti Ramin Musayev nəzərdə tutulur). Lakin inanmıram ki, biz çıxsaq o stadion boş qala. Futbolda indi elə irəliləyiş var ki, hər zaman hər stadiondan istifadə etmək olar. Biz çalışırıq ki, uşaq futbol məktəblərimizin komandaları bütün regionlarda olsun. Ümumiyyətlə, aşağı yaş qrupundan olan komandalarımız bu stadiondan istifadə edə bilər.
– Nəzərə alsaq ki, Azərbaycanda hətta əsas komandaların oyununda da tribunalar dolmur, aşağı yaş qruplarının oyunları üçün əlavə tribuna tikilməsinə ehtiyac olmayacağı aydındı..
– Biz oradan çıxırıqsa, bu o demek deyil ki, o stadion daha heç kimə lazım olmayacaq. Hər zaman hər bir dəyişiklik ola bilər. Həmçinin kim bilir ki, biz bir daha oraya qayıtmayacağıq. Ola bilər ki, hansısa oyunlar orada keçirilsin. Bu məsələ hələ tam dəqiqləşməyib.
– Qeyd etdiniz ki, Quzanlıda oynayanda yol yorğunluğu olur. Azərbaycan elə də böyük ölkə deyil. Türkiyəyə, Rusiyaya və digər böyük dövlətlərdə komandalar daha çox yol qət edir. Elə isə niyə bu problem onlarda yox, məhz bizdə olur?
– Digər ölkələrdə futbol fəlsəfəsi və sistemi sabit işləyir. Onların işi stabildi, dəqiq bilirlər ki, bu ilin əvvəlindən sonuna kimi proqram necə olacaq. Onlarda dəyişiklik nadir hallarda olur. Bizdə isə hər an hər şey dəyişə bilər. Milli komandanın gah 5 günlük, gah 10 günlük, hətta 15 günlük toplanışı olur. Bizi daim bunlar gözləyir. Ona görə hələ tam stabilləşməyib bizim proqramımız. Bu baş verdikdən sonra, mənə elə gəlir ki, problem qalmayacaq.
– Sizcə, bizdə yığmaya həddindən artıq vaxt ayırılır?
– Ayırılır. Elə buna görə deyirəm ki, bizim çempionatımız tam formalaşmayıb, tam planlı şəkildə getmir. 3 oyun oynayıb 15 gün fasilə veririk. Bu da istər-istəməz ritmi pozur. Bu da millinin toplanışına görə baş verir. Biz başa düşürük ki, millinin toplantıları vacibdi. Lakin bizim çempionatın səviyyəsi qalxsa, meydançalarımızın, bazalarımızın vəziyyəti yaxşılaşsa, heç əlavə toplantıya ehtiyac qalmaz. Çünki futbolçular daim eyni ritmdə, stabil məşq keçəcək və stabil də oynayacaq. Düşünürəm ki, yaxın bir neçə ildə bu problemlər aradan qalxacaq.
– Yəqin ki, Avropa çempionatını izləyirsiniz. Hansı komandaya azarkeşlik edirsiz və favoritiniz kimdi?
– Futbol get-gedə elə inkişaf edir ki. Daha da sürətlənir, taktiki baxımdan dəyişir. Ona görə hər bir oyuna baxmaq zövq verir mənə. Hər oyundan bir nəticə çıxarırsan, yeni ideyalar yaranır bir məşqçi kimi. Həqiqətən, çox maraqlı çempionat gedir. Mən uzun illərdir ki, İspaniya futboluna və İspaniya yığmasına azarkeşlik edirəm. Favorit kimi isə çempionatın əvvəlində Almaniya və Fransanı göstərmişdim. Portuqaliya pis başlasa da, sonradan get-gedə “artırdı”. İtaliya yığması həmişəki kimi nəticəyə oynayır. Böyük turnirlərdə bu oyun üslubu faydalı olur və italyanlar da bunu yaxşı bacarır. Yenə də əsas favoritim Almaniyadı. Onlar son vaxtlar Dünya və Avropa Çempionatlarında stabil oyun göstərirlər, gah yarımfinalda uduzurlar, gah finalda. Ancaq təbii ki, istərdim, İspaniya çempion olsun.
– MDB dövlətləri olan Rusiya və Ukraynanı dəstəkləyirdiniz?
– İstər-istəməz bu komandalara marağımız böyük olur. Tanıdığımız, bildiyimiz ölkələrdi və bizə tanış futbol oynayırlar. Göründü ki, Rusiya yığması çox riskli futbol oynayır. Ola bilər ki, hansısa oyunda bu yaxşı nəticə versin, ancaq elə də ola bilər ki, əks təsir göstərsin. Belə də oldu. Son oyunda məğlub oldular və heç qrupdan çıxa bilmədilər. Bu səbəbdən ehtiyat həmişə lazımdı.
– Bir çox futbol mütəxəssisləri bildirir ki, komandalar Avro 2012-də həddən artıq ehtiyatlı oynayır. Oyun əlamətlərində rəngarənglik azalıb və şablonluq artıb. Siz bununla razısınızmı?
– Yox, mən belə düşünmürəm. Əksinə, hər komandaya diqqətlə baxsan, bir ideya görürsən. Hər məşqçidə ortaya qoyulan fərqli bir şey var. Məncə rəngarənglik getdikcə artır, qollar çoxalır. Nə qədər desək ki, 5-10 il əvvəl futbolçular daha güclü idi, belə deyil. Müasir futbol tam başqa şeylər tələb edir. Güc, sürət, cəldlik, hər oyunda taktiki gedişlər tələb edir. Ona görə, məncə, günü-gündən futbol çətinləşir və maraqlı olur. Daha çox düşünməli olursan, çox sayda taktiki gedişlər axtarmağa başlayırsan.
– Bu yaxınlarda ziyarətə getmisiniz. Necə keçdi ziyarətiniz?
– Çox sağ olun, yaxşı oldu. Mən bu mövzuya o qədər də toxunmaq istəmirəm. Çünki bu həm mənim şəxsi həyatımdı, həm də bir müsəlman kimi üzərimə düşən borcu yerinə yetirmişəm. Bu səbəbdən bunu müzakirə etməyə ehtiyac görmürəm.
– Boş vaxtlarınızda hələ də futbol oynayırsınız. Necə düşünürsüz, indi yaşıl meydana qayıtsaz, özünüzdə güc tapa bilərsinizmi oynamağa?
– Biz 7 il əvvəl peşəkar futbolda güc tapmadıq, indi necə tapacağıq (gülür)? Arada boş vaxtlarda gəlib oynayırıq. Bu bizim peşəmizdi. Bundan ayrı düşəmmərik. Nə qədər futbolun içində olsaq da, məşqçilik etsək də, meydançada olmaq tam başqadı.
Qafqazinfo.az