Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Fatih Terimə verdiyi 3 oyunluq cəzanı ləğv edib. Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kadıköydə "Fənərbağça" ilə çempionluq matçına "Qalatasaray" Terimin rəhbərliyi altında çıxacaq.
İntizam Komitəsi Terimin "Trabzonspor"la oyunda hakimi təhqir etdiyi üçün verdiyi 3 oyunluq cəzanın qalan ikisini bir il müddətinə təxirə salıb. "Beşiktaş"la ötən həftə oynanılan qarşılaşmada Fatih Terim komandasının oyununu tribunadan izləmək məcburiyyətində qalmışdı. "Fənər"lə oyunu isə o, Əziz Yıldırımın qərarı ilə prezident lojasından izləməli idi. Yıldırımın bu jesti barədə mediadan xəbər tutduğunu deyən Terim qarşıdakı Superfinal oyununda "Fənər"ə qarşı matçdan danışıb: "İK-nın qərarı çox məntiqli oldu. Biz onlardan bu qərarın yalnız təxirə salınmasını xahiş etdik. Onsuz da "Beşiktaş"la oyunda cəzanın bir bölümünü çəkmişəm. Mövsümün əvvəlindən susmağa çalışıram və inanıram ki, "Fənər"lə oyun əsl centilmenlik matçı olacaq".
Sonda onu da qeyd edək ki, İK-nın Terimə verdiyi 3 oyunluq cəzanın 2 oyununun 1 illik təxirə salınmasına baxmayaraq, "İmperator" bu müddət ərzində yenidən eyni səhvə yol verərsə, cəza qüvvəyə minəcək.
