III Beynəlxalq Kuşadası Turnirində çıxışını davam etdirən "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası 2 matçla 2-ci oyun gününə yekun vurub. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, günün ilk matçında "Qəbələ" "Göztəpə" ilə üz-üzə gəlib. Turan Manafovun yeganə qolu komandaya minimal hesablı qələbə qazandırıb – 1:0. İkinci matçda İngiltərə "Nyukasl"ı ilə qarşılaşan təmsilçimiz meydançadan qolsuz bərabərliklə ayrılıb – 0:0. Bu nəticələrdən sonra "Qəbələ" 5 xalla qrupda 3-cü yerdə möhkəmlənib. Qrupa 7 xal toplayan "Dardanelspor" başçılıq edir. Aktivində 6 xal olan "Galatasaray" 2-ci, “Qəbələ” ilə eyni xala malik "Göztəpə" 4-cüdür. Xalları bərabər olan "Nyukasl" və "Nordsyalend" (Danimarka) müvafiq olaraq 5-ci – 6-cı yerləri bölüşürlər. "Qəbələ" sabah qrupun son oyununda "Nordsyalend"lə qarşılaşacaq.