Nuri Şahin Efiopiyada su quyusu açdırıb
18.06.2018 , 21:01

Türk əsilli futbolçu Nuri Şahin təqdirəlayiq hərəkətilə hər kəsin qəlbini fəth edib
Belə ki, futbolçu, köhnə komanda yoldaşı Neven Suboticin sosial məsuliyyət layihəsinə qoşulub və Efiopiyada su quyusu açdırıb. Nuri, Tvitter profilində bu sözləri paylaşıb:
“Bir həftədir ki, sevgili dostum Neven Subotic ilə Efiopiyadaydıq. Neven 2013-cü ildən bəri dünyanın ən kasıb və quraq bölgələrində təmiz su ehtiyacını qarşılamaq üçün su quyuları açdırır. Gigiyenaya bağlı xəstəliklərin qarşısını almaq və uşaqların məktəbə getməsi üçün çox əziyyət çəkir. O, vəqfin də köməkliyi ilə bu günə qədər 100-ə yaxın su quyusu açdırıb. Dostum həmişə deyərdi: “Bir su quyusunun insan həyatını necə dəyişdirə bildiyini anlamaq üçün, o ana şahid olmaq lazımdır”. Haqlı imiş. Onun sayəsində həyatımın ən unudulmaz təcrübəsinə yiyələndim. Sərhəd tanımayan xeyirxahlıq hərəkatının bir parçası olmağımı təmin etdiyi üçün ona nə qədər təşəkkür etsəm azdır. Bundan sonra, dünyanın hər tərəfində uşaqların üzündəki o təbəssümləri görmək üçün əl-ələ çalışacağıq”.
Qeyd edək ki, “Real Madrid”, “Liverpul”, “Feyenord” kimi komandaların formasını geyinən 29 yaşlı futbolçu hazırda Almaniya Bundesligasında çıxış edən “Borussiya Dortmund” komandasının şərəfini qoruyur.
