FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 3 pillə geriləyib.
Hesabında 300 xal olan komandamız 112-ci yerə düşüb. UEFA-nın reytinqində 43-cü olan yığma ötən ay keçirilən yoldaşlıq görüşlərində uğursuz çıxış edərək, səfərdə Yaponiyaya uduzmuş (0:2), Andorra ilə qolsuz bərabərliyə qalmışdı. Məhz dünya reytinqində sonuncu olan “cırtdan ölkə” təmsilçisinə qalib gələ bilməmək geriləməməyimizin əsas səbəbidir.
Maraqlıdır ki, Andorra məhz bu heç-heçə sayəsində son illərdə görünməmiş uğura imza atıb. Bu, 6 pillə irəliləyərək, 199-cu yerə qalxmağıdır. Artıq onun hesabında xal da var. Belə ki, Azərbaycanla heç-heçə Andorraya 15 xal qazandırıb. “Cırtdanlar” artıq dünyada olduğu kimi, Avropada da sonuncu deyil və bu yerdə xalı olmayan San Marino yığması qərarlaşıb.
Millimizin növbəti seçmə mərhələdə rəqiblərindən Portuqaliya 5 (10-cu yer, 996 xal), Rusiya 2 (13-cü yer, 975) pillə geriləyib. Ən böyük uğursuzluğa ilk rəqibimiz olacaq İsrail yığması məruz qalıb. Belə ki, sentyabrın 7-də Bakıda qəbul edəcəyimiz rəqib 427 xalla 23 pillə geriləyərək, 81-ci yerə düşüb. 336 xalı olan Şimali İrlandiya yığması 3 pillə geriləmə nəticəsində 112-ci yerə enib. Lüksemburq millisi isə 119-dan 121-ci pilləyə düşərək, 283 xala malikdir. Millimizin növbəti yoldaşlıq görüşündə rəqibi – avqustun 15-də qəbul edəcəyi Bəhreyn yığması 359 xalla 1 pillə aşağı düşərək, 95-ci yerdədir.
Qeyd edək ki, son dünya və Avropa çempionu olan İspaniya yığması 1456 xalla liderliyini qoruyub. Cənubi Amerikanın son çempionu Uruqvay yığması tarixində ən yaxşı nəticəyə imza ataraq, 2-ci pilləyə yüksəlib. 1 pillə irəliləyən bu millinin 1292 xalı var. 1288 xalı olan Almaniya yığması 1 pillə geriləyərək, 3-cü yerə düşüb.