“Azərbaycanda əvvəllər də olmuşam. Həm “Lex”in, həm də Polşa millisinin heyətində. Bilirəm ki, bizi uzun yol gözləyir. Bakıya çatdıqdan sonra avtobusla daha 5-6 saat yol getməli olacağıq. Deməli, yol yorğunluğu qaçılmazdı”. Korner.az-ın məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun kapitanı Rafal Muravski deyib.
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Poznan təmsilçisinin kapitanı Lənkərandan uğurlu nəticə ilə geri dönəcəklərinə inandığını bildirib:
“Komandamız “Xəzər Lənkəran”la oyuna yaxşı hazırlaşıb və inanıram ki, bütün çətinliklərə baxmayaraq, səfərdən yaxşı nəticə ilə geri dönəcəyik. “Xəzər Lənkəran”ın iştirak etdiyi bəzi oyunların diskini izləmişik. Buna əsaslanıb deyərdim ki, “Xəzər Lənkəran” standard vəziyyətləri yaxşı yerinə yetirir. Elə ilk mərhələdə vurduqları 4 qoldan üçünü də məhz bu cür epizoddan vurublar. Deməli, hava toplarında bacardıqca diqqətli olmalıyıq”.
