Azərbaycanı Avroliqada təmsil edəcək “İnter” hazırlığın 2-ci mərhələsinə başlayıb.
Korner.az-ın məlumatına görə, son bürünc medalçımız qısa istirahətin ardından bu gün Sloveniyaya təlim-məşq toplanışına yollanıb. Bakı – İstanbul – Lüblyana hava reysi ilə səfərə çıxan “bankirlər”in heyətində yeni transfer, son 3 ili “Neftçi”də keçirən millimizin müdafiəçisi Ruslan Əmircanov da yer alıb. O, rəsmi müqavilə imzalamaq üçün yeni komandasının Bakıya qayıtmağını gözlədiyindən, Türkiyədəki hazırlıq prosesində iştirak etməmişdi.
Bakılıların budəfəki toplanışı 15 gün çəkəcək. İyunun 25-də UEFA-nın püşkünün nəticəsinə görə rəqibini biləcək “İnter” ilk oyunu səfərdə keçirməli olsa, 29-dan sonra da Sloveniyada qalıb, oradan rəqibin ölkəsinə yollanacaq. İlk matç evdə olarsa, Bakıya qayıdacaq komanda iyulun 5-də keçiriləcək oyuna hazırlaşacaq.
“İnter” Sloveniyada 4 yoxlama oyunu keçirməyi nəzərdə tutub. Rəqiblər hələ bəlli olsa da, tarixlər məlumdur. Bunlar iyunun 18-i, 21-i, 25-i və 28-ə planlaşdırılıb.
Qeyd edək ki, gürcü Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda iyunun 1-dən 12-dək Türkiyənin Kartəpə qəsəbəsində təlim-məşq toplanışında olmuşdu. Əsasən fiziki hazırlığa yönələn hazırlıq prosesinin sonunda keçirilən yoxlama oyununda Türkiyənin “Maşukiyəspor” klubu16:1 hesabı ilə yenilmişdi.