"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Neftçi"ni tarixi qələbə münasibəti ilə təbrik etdi.
UEFA Avropa Liqası pley-of mərhələsinin "Apoel"-"Neftçi" oyunu başa çatar-çatmaz Azərbaycan çempionuna təbriklərini ünvanlayan Hafiz Məmmədov bu qələbənin bütün Azərbaycan futbolunun uğuru kimi dəyərləndirdi və "Neftçi"yə bu mötəbər turnirin qrup mərhələsində daha böyük nailiyyətlər arzuladı.
"Bu, həqiqətən də, tarixi qələbədir. Sevincimizin həddi-hüdudu yoxdur. AFFA prezidenti Rövnəq Abdullayevi, "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovu təbrik edirəm, bu insanların zəhməti öz bəhrəsini verdi, "Neftçi" bütün xalqımızı sevindirdi. Bütün Azərbaycan futbolsevərlərinə gözünüz aydın olsun – deyirəm.
"Neftçi" UEFA səviyyəli turnirdə bir ilkə imza atdı. İnanıram ki, bu qələbələrin ardı gələcək."
"Bakı" futbol klubunun kollektivi və azarkeşləri klub prezidentimizin təbriklərinə qoşulur, Azərbaycan futbolsevərlərini təbrik edir və "Neftçi"yə daha yüksək pillələri fəth etməsini arzulayır.
