Pul indiki zəmanədə çox şey deməkdi, ancaq hər şey demək deyil. Bir çox şeylərin əlacı pul olsa da, bəzən elə mübarizə, özünəinam hissi həlledici rol oynayır. Necə ki, Fransa çempionatında çempionluğu son turda qazanmış "Monpelye" kimi.
Heç kəs inanmazdı ki, "Monpelye" "Lion", PSJ, "Marsel" və "Lill" kimi nəhəng klubları geridə qoyaraq Fransa çempionluğunu bayram etsin. Lakin onlar mümkünsüz bir şeyin olmadığını bir daha sübut etdi. Əslində "Monpelye"nin bu çempionluğuna bizim klublar da həsəd apara bilərlər. Lazımsız legionerlərə, qiyməti süni şişirdilmiş yerli futbolçulara küllü miqdarda pul xərcləyən iddialı klublarımız üçün "Monpelye" əsl nümunədi.
Onlar çempionluq yarışında Fransaya ən bahalı legionerləri gətirən Paris təmsilçisi PSJ-ni gerdiə qoydular. PSJ transfer dönəmində Xaviyer Pastore üçün 42 milyon pul xərcləyərkən bu mövsümün çempion komandası "Monpelye" çempionluq yarışına əvəzedici komandasından əsas heyətə 9 futbolçu qatmaqla qoşuldu. Hətta PSJ-nin ən bahalı transferi 42 milyon ikən onların ümumi büdcəsi 40 milyon avro təşkil edirdi. Marafonun uzun olmasına baxmayaraq onlar istədiklərinə nail oldular.
Çempion komandanın prezidenti Luis Nikollen maraqlı bir açıqlama ilə dünya futboluna səslənmişdi:
"Biz özümüzə güvəndik, inandıq. Bu gün büdcəsi az bir komanda çempion oldusa bu Fransa futbolu üçün böyük uğurdu. Futbolçularım heç zaman pula önəm vermədi və nəticədə çempion olduq".
Bu bir daha əyani sübutdur ki, futbola bəzən elə çox pul xərcləmək də, yetmir. Ondan gərək səmərəli yararlanasan.
P.S Görəsən bizim büdcəsi az olan hansısa klubumuz (avokubokları qoyaq bir kənara) heç olmaya ilk "altılıq"da qərarlaşa bilərmi? Çətin beləsi tapıla…
Səxavət Qurbanov