Sabah Avropa Liqasının pley-of mərhələsi çərçivəsində "Neftçi"ni qəbul edəcək Kipr APOEL-i bu gün axşam saatlarında sonuncu məşqini etməli və jurnalistlərin qarşısına çıxaraq suaları cavablandırmalı idi. Adətən, bu məşq və mətbuat toplantısı oyunun keçiriləcəyi saata yaxın vədələrə təyin edilir və ev sahibi məşqini, mətbuat konfransını bitirdikdən sonra yerini qonaq komandadaya verir. Ancaq APOEL bu etiket qaydasını pozub.
Korner.az xəbər verir ki, Bakı vaxtı ilə axşam saat 9 radələrində oyunöncəsi sonuncu məşqini və mətbuat konfransını keçirməli olan APOEL hər iki tədbirini səhər saatlarına salıb. Beləliklə, azərbaycanlı jurnalistlər hər iki işdə süni ofsayda salınıb.
Reqlamentə əsasən, rəqib bu kimi hallarda mütləq məlumatlandırılmalıdı. Bu səbəbdən "Neftçi" bununla bağlı narazılığını həm APOEL rəhbərliyinə, həm də oyunun UEFA nümayəndəsinə bildirib.
Qeyd edək ki, "Neftçi"nin oyunöncəsi sonuncu məşqi və baş məşqçi Böyükağa Hacıyevin mətbuat konfransı bir neçə saatdan sonra başlayacaq.
