Almaniya Bundesliqasının 9-cu turu çərçivəsində bu gecə keçirilən “Hoffenhaym” – “Bayer Leverkuzen” qarşılaşmasında qalmaqallı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, matçın baş hakimi Feliks Brix inanılmaz xətaya yol verib.
qarşılaşmanın 70-ci dəqiqəsində qonaq komandanın futbolçusu Kislinq künc zərbəsindən göndərilən topu başla qapı istiqamətinə vurub. Ancaq yuvarlaq meşin çərçivədən deyil, qapı torunun dirəyin kənarındakı cırılmış hissəsindən keçib. Baş hakim bu epizodda qol qeydə alıb. Oyun qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
İndi Almaniyada hər kəs oyunun yenidən keçirilib-keçirilməyəcəyini müzakirə edir. Bunun üçün presedent də var. Belə ki, 1998-ci ildə “Bavariya” – “Nürnberq” qarşılaşmasında da baş hakim oxşar qolu qeydə almış, Almaniya Futbol Federasiyası isə matçın yenidən keçirilməsinə qərar vermişdi.