Ötən mövsüm “Elazığspor”un Super Liqada qalmasında böyük pay sahibi olan Sinan Kaloğluna Azərbaycandan iki təklif var.
Korner.az-ın məlumatına görə, “Erciyəsspor”da gözlənilən oyunu sərgiləyə bilməyən forvard “Xəzər Lənkəran” və “Rəvan”ın maraq dairəsinə düşüb.
Kayseri təmsilçisindən ayrılan təcrübəli futbolçunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli və “Rəvan”ı çalışdıran Güvənc Kurtar istəyir. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Sinan Kaloğlu cari mövsümdə “Erciyəsspor”da 8 oyun keçirib və 2 qol vurub. O, əvvəllər Türkiyənin “Boluspor”, “Altay”, “Marmaris Bələdiyyəspor”, “Beşiktaş”, “Diyarbəkirspor”, “Vestel Manisaspor”, “Bursaspor”, “Karabükspor”, “Antalyaspor”, “Elazığspor”, Almaniyanın “Bohum” və Hollandiyanın “Vitess” klublarında çıxış edib.
2008-ci ildə “Bohum”un formasını geyinən 32 yaşlı forvad Bundesliqanın “Bavariya” ilə oyununda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Bununla da matç 3:3 hesabı ilə başa çatıb.
Türkiyə U-21-də 21 oyun keçirib 9 qol vuran Sinan A millidə 2 oyuna çıxıb. O, ilk dəfə “ay-ulduzlu” formanı 2006-cı ilin 12 aprelində Tofiq Bəhramov adına Respublika stadionunda millimizlə keçirilən oyunda geyinib.
Fanat.az
