Azərbaycan milli komandasının və "Xəzər Lənkəran"ın futbolçusu Branimir Subaşiç son aylarda göstərdiyi performansla göz oxşayır. Milliləşdirilən serb əsilli futbolçu istər çıxış etdiyi klubu "Xəzər Lənkəran"da istərsə də, milli komandada inamlı oyunu ilə diqqət mərkəzinə düşüb.
Subaşiç qolla qayıtdı
Ötən mövsümkü çıxışı ilə azarkeşlərin rəğbətini qazana bilməyən Subaşiç "Xəzər Lənkəran"da yay transfer dönəmində gedəcək futbolçuların sırasında göstərilirdi. Lakin Yunis Hüseynovun inadkarlığı və Subaşiçə olan güvəni özünü doğruldur. Branimir "Xəzər Lənkəran"ın heyətində çıxdığı 4 avrokubok matçında 3 dəfə fərqlənərək azarkeşlərə sevinc bəxş edib. Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniyanın "Nomme Kalyu" klubu ilə matçlarda – həm Lənkəranda baş tutan oyunda (2:2), həm də Tallindəki cavab oyununda (2:0) fərqlənməyi bacarıb.
Bundan sonra Polşa "Lex"i ilə Lənkəranda baş tutan qarşılaşmada fərqlənən Subaşiç bu ənənəni Poznanda davam etdirə bilməyib (0:0). Lakin hücumçu Premyer Liqanın geridə qalan iki turu ərzində bir dəfə rəqib qapısını məyus etməyi bacarıb. "Rəvan"la ilk turda (1:1) Subaşiç komandasının qol ümidi olduğunu bir daha isbatlamış oldu.
Daha bir maraqlı məqam isə Subaşiçin bu uğurlu seriyasının yığmada da davam etməsidi. O, bir neçə gün bundan öncə Bəhreynlə oyunda millimizin ilk qoluna imza atan futbolçu oldu.
Ümumilikdə isə Subaşiç meydana çıxdığı 7 matçda rəqib qapıçıları 4 dəfə məyus edib.
Subaşiçin rəqibi sabiq komanda yoldaşıdı
Subaşiçin bu göstəricilərinə Julias Vobay öz damğasını vurmaq istəyir. Belə ki, syerra-leoneli futbolçu "Neftçi"nin Çempionlar Liqasındakı 4 matçının 3-də fərqlənib. Gürcüstan "Zestafoni"si ilə hər iki, İsrail "Hapoeli" ilə cavab matçında qol vuran Vobay Subaşiçin avrokubok göstəricilərinə şərik çıxıb. "Neftçi"nin "Xəzər Lənkəran"dan transfer etdiyi yarımmüdafiəçi sadəcə Premyer Liqanın ikinci turu çərçivəsində "Qarabağ"la oyunda (0:1) fərqlənə bilməməsiylə Subaşiçdən bir addım geri qalır.
Sonda maraq üçün qeyd edim ki, Subaçin "Neftçi"də, Vobay isə "Xəzər Lənkəranda çıxış edib və hər iki futbolçu hal-hazırda əks düşərgələrdə bir-birinə rəqibdilər.
Səxavət QURBANOV
