Müsahibə

Vüqar Mustafayev: “Azarkeşlərimizi doğma meydanda sevindirə bilmədik”

27.08.2019 , 17:00

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev Azərbaycan Premyer Liqasının ilk iki turunu dəyərləndirib. Gənclər şəhəri təmsilçisinin yeni transferi komandasının və özünün performansı ilə bağlı Korner.az-ın suallarını cavablandırıb.

– İki tur geridə qalıb. Çıxışınızı necə dəyərləndirirsən?

– Bəli, artıq iki turdu ki, çempionat başlayıb, hamıya zədəsiz, ağrısız bir mövsüm arzulayıram. Səfərdə “Qəbələ” ilə matça yaxşı start götürdük və üç xalı qazandıq. Təssüf ki, evdə “Səbail”ə xırda səhvlər edərək, məğlub olduq. Üzücüdü ki, öz azarkeşlərimizi doğma meydanda sevindirə bilmədik. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşıb, daha yaxşı mübarizə aparmalıyıq.

– “Qəbələ” üzərində səfər qələbəsindən sonra evdə “Səbail”ə böyük hesabla uduzmağınız gözlənilməz oldu. Məğlubiyyətin səbəbi nə idi?

– Oyuna yaxşı hazırlaşmışdıq. Evdə oynayırduq və ən azı istəyirdik ki, yeni mövsümdə doğma azarkeşlərimiz qarşısında ilk matçda məğlub olmayaq. Oyunada yaxşı başladıq. Ancaq xırda səhvlər və diqqətsizliydən məğlub olduq. Bu məğlubiyyətdən dərs çıxarıb, qarşıdakı oyunlara daha da diqqətli hazırlaşmalıyıq.

– Hakimin mübahisəli qərarları oldu. Baş məşqçi, klub prezidenti də açıqlamalarında bunu dilə gətirdi. Səncə, qərarlar nəticəyə nə qədər təsir etdi ?

– Hakim də insandı, o da səhv edə bilər. Bunun üzərində çox dayanmaq istəmirəm. Ancaq istər-istəmə mübahisəli epizodların da bizə təsiri olur.

– Ötən mövsüm “Zirə”də çıxış edirdin. “Sumqayıt”a uyğunlaşa bilmisən?

– Artıq komandaya uyğunlaşmışam. Burda mənə inananların inamını doğrultmağa çalışacam.

– “Sumqayıt” daha çox yerli futbolçulardan təşkil olunub. Bu da yəqin ki, işini asanlaşdırır. Üstəlik, baş məşqçi Ayxan Abbasovla “Zirə”də də bir yerdə olmusan…

– Komandamız demək olar ki, yerli futbolçulardan ibarətdi. Əlbəttə, yerli futbolçular çox olanda uyğunlaşma prosesi daha tez gedir. Çünki hamısını demək olar ki, əvvəldən tanıyırdım. Komandada cavan, prespektivli, istedadlı futbolçular var. Başda baş məşqçi olmaqla hamı çalışır ki, onlara dəstək olsun. İnanıram ki, onlar gələcəkdə Azərbaycan futboluna çox faydalı olacaqlar.

– Bir vaxtlar milli komandaya namizəd sayılırdın, hətta bir yoxlama oyununda meydana da çıxmışdın, ancaq daha sonra karyeranda sanki bir eniş yarandı. Yenidən əvvəlki formanı bərpa edə bilərsənmi? Və “Sumqayıt”da oynamağın bu baxımdan koməyinin dəyəcəyinə inanırsan?

– Robert Prosneçkinin vaxtında əsas milliyə dəvət almışdım. Andorra ilə oyunda yoldaşlıq oyununda meydana çıxmışdım. Karyeramda düşüş olduğunu deməzdim. Ondan sonra da çempionatda oynayırdım. U-23 millisinin heyətində İslam oyunlarında qalib olduq. Ola bilər ki, oyunum millidəki baş məşqiçiləri qane etməyib. Onların sisteminə uyğun olmamışam və buna görə də yığmaya dəvət almamışam. Əlbəttə ki, futbolçu oynadıqca artırır, üzərinə qoyur. Mən “Sumqayıt”a gələndə heç kəs söz verməyib ki, hər oyun meydanda olacaqsan. Belə bir şey yoxdu. Oynamaq üçün mübarizə aparmalıyam.

Mina Musayeva

Son yazılar

Yuxarı