Çempionlar Liqasının III turu çərçivəsində "Hapoel"lə görüşdən sonra "Neftçi"nin transferə çıxardığı Rauf Mehdiyevin taleyinə hələ də aydınlıq gəlməyib.
Lakin son vaxtlar əlcək sahibinin "Turan"a keçəcəyi iddia edilirdi. Bununla bağlı Tovuz təmsilçisinin icraçı-direktoru Rasim Əliyevlə əlaqə saxlayaraq məsələnin nə yerdə qaldığını araşdırmağa çalışdıq.
Əliyev Korner.az-a açıqlamasında bunları dedi:
"Hələ ki gündəmdə belə bir şey yoxdur. Bir müddət əvvəl baş məşqçimiz Əsgər Abdullayev Rauf Mehdiyevi "Turan"a cəlb etməyə çalışmışdı. Lakin müəyyən problemlər yarandı və baş tutmadı. "Simurq"la oyundan əvvəl Andrey Popoviçlə müqavilə bağladıq. Bizim xorvat qapıçımız da var. Hazırda zədəlidi. İnşallah, onun zədəsi sağaldıqdan sonra yenidən sıralarımıza qayıdacaq. Bir daha təkrar edirəm, Rauf Mehdiyev hazırda gündəmimizdə deyil. Ancaq yenə də son söz baş məşqçinindi. Ehtiyac duyarsa, bəlkə yenidən Raufla danışıqlara başlanıldı".
