Futbol

ŞOK İDDİA! “Qurban Qurbanov Rəşad Sadiqovun “qələm”ini qışda “qırmışdı”

15.05.2012 , 11:46

Bu günlərin gündəm mövzusu “Qarabağ”dı. Hamı bu klubdan danışır. Və danışıqların heç birində pozitiv çalar tapmaq mümkün deyil. Kimisi “ay aman, “Qarabağ” dağılır” deyib haray salır, kimisi son illər Avropa arenasında yeganə qürur mənbəyimiz olan komandanın bu hala düşməsini “gördüz, mən demişdim axı, möcüzəydi hamısı” şəklində dəyərləndirir. Şübhəsiz, heç kim Ağdam təmsilçisinin yerində olmaq istəməzdi. Əvvəlcə ölkə kubokunda uğursuzluq, ardınca Premyer Liqadan Avropaya gedən yolun bağlanması və mövsümün sonuna doğru heyətdən qopmalar üzücü haldı. Amma bunu dünyanın sonuymuş kimi qəbul edənlərin olduğunu, onsuz da məzarlığında çox klubun yatdığı Azərbaycanda daha bir kluba tabut hazırlandığını müşahidə etmək daha çox üzücüdü.
“Aparıcı futbolçuların “Qarabağ”dan ayrılması aysberqin üzdə görünən hissəsidi. Alt qatda çox ciddi səbəblər yatır”. Bunu bizə Ağdam klubuna yaxın şəxslərdən biri deyir. Və iddia edir ki, baş verənlər heç də göründüyü qədər ani qərarların sonucu deyil. “Bu ayrılıqlara mərhələ-mərhələ hazırlıq gedib” – deyir və davamında əsas səbəbləri açıqlayır. Nə dərəcədə doğru və ya yanlış olduğunu sizin mühakimənizə buraxırıq. Hələ ki onun Rəşad Sadiqovun komandadan kənarlaşdırılmasına verdiyi izahı diqqətinizə çatdırırıq. Reaksiyalara və mənbənin söylədiklərinin həqiqətə uyğun olub-olmamasından asılı olaraq, Boyan Pavloviç, Georgi Adamiya və Nderim Nedzipiylə müqavilənin uzadılmamasının barədə söylədiklərini ortaya qoyacağıq.
Beləliklə, “Sadiqov komandadan niyə belə anidən getdi” sualına mənbəmizin cavabı: “Rəşad Sadiqov Qurban Qurbanovla çox yaxın dost idi. “Neftçi”dən başlayan isti münasibətlər “Qarabağ”da daha da sıxlaşdı. Bunda hər ikisinin namaz əhli olması və eyni məzhəbin daşıyıcısı olması idi. Amma Sadiqov qışdan bəri intizamsız görünürdü. Məşqlərə etinasız yanaşırdı. Oyunlarda əvvəlki kimi can qoymadığını diqqətli olan hər kəs görürdü. Qurbanov təbiətcə sakit, dostcanlı insan təsiri bağışlaya bilər. Amma belə şeylərdə heç kimə güzəşt etmir. Yaxşılıq etdiyi adam üzünə qayıtdısa, vəssalam, gözündən düşəcək və əvvəlki münasibətdən əsər qalmayacaq. Rəşadın "qələm"i hələ qışda "qırılmışdı" və ondan bəri araları “dəymişdi”. Rəşad da məhz buna görə Qurbanova heç nə demədən gedib “Neftçi”ylə danışıqlara başladı. Məsələsi həll olunandan sonra gəlib dedi ki, bəs özümə klub tapmışam. Nəticəsini də bilirsiz. Yoxsa Rəşad kimi futbolçunu, kapitanı komandadan elə urvatsız göndərməzdilər”.

Son yazılar

Yuxarı