Zaqatala təmsilçisi hazırdı
Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Simurq" ötən gün səhər paytaxta təşrif buyurub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda günorta saatlarında T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda oyunöncəsi son məşqinə çıxıb.
Bir saata yaxın davam edən hazırlıq prosesində qaçış və isinmə hərəkətlərindən sonra topla müxtəlif tapşırıqlar üzərində çalışılıb. Sonda isə ikitərəfli oyunla məşq tamamlanıb və Georgi Çixradzenin komandası istirahətə çəkilərək qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Qeyd edək ki, "Qarabağ" – "Simurq" oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 16:00-da start fiti veriləcək qarşılaşmaya komanda itkilərlə çıxacaq. Belə ki, ötən tur qırmızı vərəqə alan Rasim Ramaldanov, İlkin Qırtımov, Qərib İbrahimov və 4 sarıya görə Aleksandr Şemonayev cəzalı olduqlarından bu cür çətin matçda komandalarına kömək edə bilməyəcək. Baş məşqçi Georgi Çixradze onların yoxluğunda əvəzedici heyətdə forma geyinən Arzuman Nəsibovu, Məhəmməd Alıyevı və Elçin Süleymanovu əsas komandaya dəvət edib.
