Yığma komandanın Dünya Çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar avqustun 29-dan Gürcüstanda təlim-məşq toplanışı keçən "Simurq" artıq vətənə dönüb.
Korner.az– ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda sentyabrın 8-də Rustavi şəhərinin "Polad" stadionunda "Metallurq" klubu ilə yoldaşlıq görüşü keçirdib. Qarşılaşmadan "Simurq" 22-ci dəqiqədə sarı-qaraların gənc üzvü Murad Səttarlının vurduğu yeganə qol sayəsində qalib ayrılıb.
Xatırladaq ki, Zaqatala təmsilçisi qonşu ölkədə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bundan öncə Tiflisin "Lokomotiv" kollektivi ilə üz-üzə gəlmiş və 2:1 hesablı qələbəylə meydanı tərk etmişdi. Artıq dünən səhər saatlarında Zaqatalaya qayıdan komanda, bir günlük istirahətdən sonra bu gün axşamdan "Rəvan"la oyunun hazırlıqlarına start verəcək. Qeyd edək ki, "Simurq" V tur çərçivəsində senytabrın 15-i paytaxt təmsilçisinin qonağı olacaq.
