Serbiyanın yeni prezidenti Tomislav Nikoliçin oğlu Branislav Nikoliç Qəbələyə gəlib.
Korner.az-ın məlumatına görə, Nikoliç ölkəsinin 15 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi kimi beynəlxalq “I Qəbələ Kuboku-2012” turnirinə qatılıb.
Onun komandası turnirdəki bütün oyunlarını qələbə ilə başa vuraraq, finala yüksəlib. Həlledici qarşılaşmada Serbiya millisi Türkiyə “Qalatasaray”ı ilə üz-üzə gələcək.
Turnir barədə təəssüratlarını bildirən B.Nikoliç “Qəbələ”nin sabiq futbolçusu Milan Antiçin təklifi ilə yarışa qatıldıqlarını söyləyib: “Qəbələ haqda çox eşitmişdik. Amma gələndə gözləmədiyimizi gördük. Bu, yığmamızın hazırkı heyəti üçün ilk turnirdir. Serbiya yığmasının bazası burda gördüyümüzdən də böyükdür. Lakin “Qəbələ” işlərini tamamlamayıb”.
Baş məşqçi atası barədə suala cavab vermək istəməyib: “Mən bu suala bura siyasətçi kimi gələcəyim halda cavab verəcəyəm. Amma mənim futboldan siyasətə keçmək fikrim yoxdur”.
Qeyd edək ki, Serbiya millisi ilə “Qalatasaray” iyunun 3-də qarşılaşacaq. Oyun saat 20:00-da başlanacaq.
