“Robert Prosineçkinin rəhbərliyi altında məşqlərimiz uğurlu şəkildə davam edir. Onun rəhbərliyi altında millimizin oyununda müsbət istiqamətdə ciddi dəyişiklik olacaq. Məşqçi və insan kimi də çox yaxşı təsir bağışlayır”.
Korner.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü Ruslan Abışov komandanın bugünkü məşqindən sonra deyib.
Abışov əsas məqsədin gələn ay Avro-2016-nın seçmə mərhələsi çərçivəsində qrupda Bakıda keçiriləcək Malta ilə qarşılaşmaya yaxşı hazırlaşmaq olduğunu bildirib: “O oyunda əsas məqsəd qələbə olacaq. Son 2 gündə məşqlər hücum futbolu üzərində qurulub. Məşqlərdə standart vəziyyətlərə də çox diqqət ayrılır. Əminliklə deyə bilərəm ki, bundan sonra millimiz əsasən hücum futbolu nümayiş etdirəcək. Çünki, keçdiyimiz məşq presesində verilən tapşırıqlar, aparılan taxtiki söhbətlər bunu göstərir”.
Komanda daxilində yaranan müsbət ab-havaya da toxunan “Qəbələ”li futbolçu burada baş məşqçi amilinin çox olduğunu deyib: “Robert Prosineçki ilə futbolçular arasında da çox yaxşı münasibət var. Fərdi və komanda şəkilində geniş söhbətlər edir, psixoloji baxımdan futbolçularda böyük inam hissi yaradıb. Bu da gələcək qarşılaşmalarda alınan nəticələrdə öz təsirini göstərəcək”.
