“Qarabağ”ın 11 yaşlılardan ibarət komandası Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu dəfə də qalib gəlib. Azyaşlı futbolçularımız yerli “Olimpik”i 3:1 hesabı ilə məğlub edərək, qrup qalibi adını qazanmağa bir addım da yaxınlaşıblar. Bunun üçün son oyunda daha bir Gürcüstan təmsilçisi – “Champion”a da kimin “çempion” olmağa layiq olduğunu sübut etmək gərəkdi.
Qeyd edək ki, təmsilçilərimiz qrupdakı ilk görüşdə “İveriya”nı 4:1 məğlub ediblər.
Yarışda iştirak edən başqa bir klubumuz – “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası I turda yerli “Dinamo” ilə qarşılaşıb. Cümə Hüseynovun qol vurduğu matçda Tbilisi təmsilçisi qalib gəlib – 3:1.
II turda “Qəbələ” Gürcüstanın digər komandası “Saburtalo” ilə görüşüb. Futbolçularımız bu dəfə meydandan böyükhesablı qələbə ilə ayrılıblar – 4:0. Həsən Nəzərlinin dubla imza atdığı matçda Ziya Şəkərxanov və İlkin Budaqov hərəyə 1 qol vurub.
“Qəbələ”nin qrup mərhələsinin iki turundan sonra 3 xala var. “Qəbələ” sabah keçiriləcək son turda daha bir Gürcüstan təmsilçisi “Telavi” ilə qarşılaşacaq.