"Qarabağ" klubu Premyer Liqanın III turu çərçivəsindən qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq 3 gündür "Sumqayıt"la oyuna millinin yoldaşlıq görüşləri səbəbindən tam heyətlə hazırlaşa bilməyən komanda bu gündən yığmadakı futbolçuları ilə məşqə çıxır.
Əsas yığmaya göndərilən 5 milli futbolçuyla yanaşı, 4 oyunçu da U-21 üçün Estoniya ilə görüşə görə düşərgəni tərk etmişdi. Albaniya – Moldova (0:0) görüşündə meydana çıxan Ansi Aqolli isə sabahdan məşqə çıxa biləcək. 9 yerli milli futbolçu isə bu axşam Suraxanı qəsəbə stadionunda 18:30-da baş tutacaq çalışmaya qoşulacaq. Zədə səbəbindən millinin oyununu buraxan Əfran İsmayılov fizioterapevt Murat Şahinoğlunun nəzarətində xüsusi proqramla çalışır.
Xatırladaq ki, "Sumqayıt" – "Qarabağ" oyunu avqutun 19-da Sumqayıtın mərkəzi arenasında saat 18:00-da keçiriləcək.
