"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandasının da iştirak etdiyi III Beynəlxalq Kuşadası Turnirinə Dünya və Türkiyə yığmalarının qarşılaşması ilə yekun vurulub.
Korner.az-ın klubun saytına istinadın yaydığı məlumata görə, Türkiyənin NTV Spor kanalı vasitəsilə canlı yayımlanan görüş dostluq şəraitində keçib və sülhlə yekunlaşıb – 0:0. "Qəbələ"nin futbolçuları- yarımmüdafiəçi Baxşəli Baxşəliyev və hücumçu Coşqun Süleymanovun yer aldığı fünya yığması matç boyunca üstün oyun nümayiş etdirsə də, hesab açılmayıb. Dünya yığmasının məşqçilər heyətində də "Qəbələ" məşqçisi də təmsil olunub. Komandanın baş məşqçisi Halim Fıçıcı dünya yığmasının baş məşqçisi Zepp Piontekin koməkçisi vəzifəsini yerinə yetirib.
Qarşılaşmadan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə komandalara və futbolçulara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. Sevindirici haldır kı, mükafatçılar sırasında turniri 5-ciliklə yekunlaşdıran "Qəbələ" də yer alıb. Turnirin ümidverici komandası mükafatına layiq görülən təmsilçimiz 3 dəfə iştirakçısı olduğu birincilikdə ikinci dəfə bu nominasiyanın qalibi olub.
Turnirin birincilik kürsüsünə isə "Bursaspor" qalxıb. Bursalılar finalda "Bröndbi"ni yenməklə qızıl medalları boyunlarından asıblar. Turnirin bürünc medallarına sahib çıxan "Fənərbaxça" "Aydınspor"u bir addım qabaqlamağı bacarıb.