Qol vuran futbolçuların azarkeşlərin sevimlisinə çevrilməsi məlum məsələdi. Futbolun bəzəyi qoldusa, başqa cür ola da bilməz. Ancaq assistentlərin ötürmələri də fərqlənən futbolçuların azarkeşlərə yaşatdığı adrenalin dolu anlara rəng qatır. Məhsuldar ötürmələri diqqət mərkəzinə düşənlər adətən yaxşı texnikaya, meydanı görmə bacarığına malik futbolçulardı. Belələrini komandasında görmək istəyənlər çoxdu.
Korner.az-ın hesablamalarına görə Premyer Liqamızın geridə qalan 22 turunda bu yöndə sözünü deyənlər var.
“Zərgər” Flavinyo
Sabit çıxışı ilə “Neftçi”nin ardıcıl çempionluqlarında böyük pay sahibi olan “9 nömrə” bu mövsüm böyük məhsuldarlıq göstərmir. Hücumameyilli legioner üçün cəmi 2 dəfə rəqib qapılarına yol tapmaq zəif göstəricidi. “Sambaçı”nın orta hesabla 11 oyunda 1 qol vurmasında alqışalayiq nəsə yoxdu. Ancaq o, 7 dəfə komanda yoldaşlarının qarşı tərəfi cəzalandırmasına şərait yaradıbsa, deməli başını işlətməyi bacaranlardandı.
Braziliyalının şərik izləyiciləri
Hegemonluğunu sürdürən cənubi amerikalını hərəyə 5 qol pası ilə “İnter”in kapitanı Vaqif Cavadovla “Qəbələ”li Leonardo da Silva izləyir. Cavadov bombardirlər cədvəlində 10 topla Leonardonun komanda yoldaşı Daniel Subotiçlə şərikli liderdisə, onun məhsuldar ötürmələr ortağı 7 qol vurub. Vaqifin “Neftçi” ilə son turdakı görüşdə Yohan Bokonyano və Laşa Salukvadzenin qapı torunu silkələməsinə şərait yaratdığını da vurğulayaq.
Yerlilər və Sadio
Marqlıdı ki, nə az, nə çox 5 futbolçu hərəyə 4 dəfə qol pası verməyi bacarıb. Əfran İsmayılov (Bakı), Qərib İbrahimov (AZAL), Ruslan Əmircanov (İnter) və Ruslan Tağızadənin (Qəbələ) gözə dəyməsi yerli futbol adına ümidləndirici mənzərədi. “Xəzər Lənkəran”ın malili legioneri Sadio Tounkara da həmyerlıilərimiz bacarıqdadı.
“Artıran” və universal
Cavid Hüseynovla Lorenzo Ebesilyonun hesabında 3 ötürmə var. Türkiyənin PTT 1-ci liqasından qayıdandan sonra daha məzmunlu futbol sərgiləyən Hüseynovun 6 qol vurmaqla yanaşı, “Bakı”nın formasında bir neçə assistentliyə imza atması fərdi inkişafdan xəbər verirsə, “Qəbələ”nin dayaq yarımmüdafiəçisi Ebesilyo 5 qolun sevincini yaşamaqla universallığını ortaya qoyub.
Fanat.az
