"Neftçi"nin Avropa Liqasının qrup mərhələsindəki ilk oyunu insidentsiz ötüşməyib.
Korner.az-ın məlumatına görə, "flaqman"ın qapıçısı Saşa Stamenkoviç matç boyu yerli azarkeşlərin təhqirlərinə dözməli olub.
Serbiya çempionatında "Partizan"ın əzəli rəqibi olan "Srvena Zvezda"nın bir zamanlar şərəfini qorumuş Saşa bunun "acısını" oyunda gördü. 90 dəqiqə Saşanı təhqir edən fanatlar onu fitə basaraq daim təziqdə saxlayırdılar. Hətta “Partizan”ın “qrobari” (“qəbir qazanlar”) adlı azarkeş qrupu stadiona – “Azərbaycanda qaraçı köynəyində yaşayan uzunburun meymun banan dalınca gəlib” yazısı olan plakat da gətirmişdilər.
