Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" heyətini Paraqvay millisinin futbolçusu Erik Fabian Ramosla gücləndirib. Korner.az-ın məlumatına görə, bugün paraqvaylı dayaq yarımmüdafiəçisi ilə Avstriyada rəsmi müqavilə imzalanıb. Erik Fabian Ramos "Neftçi"də 15 nömrəli formanı geyəcək.
"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov Ramosun keçidi ilə bağlı klubun rəsmi internet səhifəsinə açıqlama verib: Bildiyiniz kimi transfer çalışmalarımız uzun müddətdir ki, davam edirdi. "Neftçi"nin əsas məqsədi heyətə səviyyəli, gənc və öz ölkələrinin milli yığma komandasında çıxış edən legionerlər cəlb etmək idi. Bu komandamızda yer alan gənc yerli futbolçularımızın da xeyrinədir. Erik Fabian Ramos da məhz bizim istəyimizə uyğun futbolçudur. Bununla da transfer çalışmalarımızı müvəqqəti yekunlaşdırırıq. Ümid edirəm ki, Ramos komandamızın gücünə güc qatacaq və öz oyunu ilə azarkeşlərin də rəğbətini qazanacaq”.