"Neftçi" klubunun yeni transferi Nikolas Kanales son Azərbaycan çempionuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Çili yığmasının üzvü "Neftçi"ni seçməsində komandanın Çempionlar Liqasında mübarizə aparması amilinin böyük rol oynadığını bildirib:
"Neftçi" kimi iddialı kluba gəldiyim üçün çox şadam. Komandanın Çempionlar Liqasında oynaması mənim qərar verməyimə təsirini göstərdi. Çünki istər Çili, istərsə də digər xarici çempionatlarda çıxış edən komandalardan təkliflərim çox idi.
Bura gəldiyim andan özümə qarşı xoş münasibəti, komanda daxilində olan səmimiliyi görəndən sonra düzgün qərar verdiyim bir daha təsdiqini tapdı və öz istəyimlə 11 nömrəli futbolkanı mənə təqdim etdilər. "Neftçi"nin heyətində ilk rəsmi oyunumu Bakıda, Çempionlar Liqası turnirində "Zestafoni" klubuna qarşı keçirəcəyəm. "Neftçi" azarkeşləri əmin olsunlar ki, elə həmin matçda vuracağım qollarla onları sevindirəcəyəm".