Həyatına müdaxilə etdiyinə və telefon danışıqlarını dinlətiyinə görə eks-klubu “İnter”i məhkəməyə verən italiyalı futbolçu Kristian Vyeri qarşı tərəfdən 21 milyon avro istəsə də, məhkəmə klubu 1 milyon cərimə edib.
Korner.az xəbər verir ki, qərardan narazı qalan "Neftçi"nin Avroliqanın qrup mərhələsindəki rəqibinin idman direktoru Marko Fassone apelyasiya şikayəti verməyə hazırlaşdıqlarını deyib.
“Əlbəttə, biz məhkəmənin qərarından bir qədər təəccüblənmişik. Şübhəsiz, klub qərardan şikayət etmək haqda düşünür. Çünki biz hərəkətimizi qanunauyğun hesab edirik”, – deyə Fassone bildirib.
Eyni zamanda, Vyerinin vəkilləri məsələni idman hüquq sistemində müzakirəyə çıxarmaq istəyirlər. “İnter”in vəkili Fabio İudika isə deyib ki, vəkillərin bu cəhdi uğursuz olacaq. Çünki şikayət üçün müvafiq müddət artıq başa çatıb.
