Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakının "Neftçi" klubunun turnirin ikinci təsnifat mərhələsindəki sonuncu potensial rəqibi də müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu, tarixi ərzində ilk dəfə Bolqarıstan çempionu olan "Ludoqorets" klubudur.
Çemionatın son turunda öz meydanında lider CSKA (Sofiya) klubu ilə qarşılaşan "Ludoqorets" rəqibini tək qolla keçib. Matçın 19-cu dəqiqəsində İvanovun vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb – 1:0.
Bu nəticə ilə Sofiya təmsilçisini 1 xal qabaqlayan "Ludoqorets" (70-69) ilk dəfə çempionatın qızıl medallarına sahib çıxıb. Cari mövsüm ölkə kubokuna da yiyələnən "Ludoqorets" klubu Bolqarıstanı Çempionlar Liqasında təmsil edəcək.
"Neftçi"nin ÇL-in II təsnifat mərhələsindəki bütün rəqiblərinə nəzər salaq:
“Helsinborq” (İsveç), “Slask” (Polşa), BATE (Belarus), “Dinamo” (Zaqreb, Xorvatiya), HİK (Finlandiya), “Ventspils” (Latviya), AEL (Kipr), “Partizan” (Serbiya), "Şemrok Rovers" (İrlandiya), “Bazel” (İsveçrə), “Zalsburq” (Avstriya), “Debretsen” (Macarıstan), “Slovan” (Çexiya), “Hapoel” (Kiryat-İrona, İsrail), “Maribor” (Sloveniya), "Şerif" (Moldova), "Zilina" (Slovakiya), "Ludoqorets" (Bolqarıstan)
