“Onların müqaviləsi başa çatıb. Elə buna görə də bu cür oynadılar”. Korner.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Ölkə kubokunun final matçında “Bakı”ya 0:2 hesabı ilə uduzub “qızıl dubl” etmək arzusunu reallaşdıra bilməyən “ağ-qaralar”dan ayrılacaq futbolçulardan ikisi dəqiqləşib.
Bunlar Slavço Georgievski və Denis Silvadır.
Düzdü, mövsümün son matçında hər 2 futbolçu ilk “11-lik”də yer almışdı. Amma ilk yarıda ümidləri doğrultmayan Georgievski fasilədə Cavid İmamverdiyevlə əvəzləndi. Buna etiraz edən makedoniyalı yarımmüdafiəçi qarşılaşmanın ikinci hissəsini ehtiyat oyunçular skamyasından deyil, tribunadan izlədi.
Onun hərəkətini isə çempion üçün biabırçılıq hesab etmək olar. Matçın 82-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan Denis isə oyunun başa çatmasını gözləmədən həyat yoldaşı ilə birgə stadionu tərk edib.
Təbii ki, ölkənin ən titullu klubu üçün bu intizamsızlıq yolverilməzdir. Amma baş məşqçi bunun səbəbini intizamsızqla deyil, futbolçuların komandaya lazım olmadıqlarını bildikləri üçün bu addımı atmaları ilə izah edib: “Onlar komandada qalmayacaqlar”.