Futbol üzrə Azərbaycan Kubokunda “Neftçi” və “Bakı” komandaları arasında keçiriləcək final matçını gənc referi Əliyar Ağayev idarə edə bilər. Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda baş hakim qismində məhz onun namizədliyi nəzərdən keçirilir.
Ehtiyat variant kimi FİFA referisi Fariz Yusifovun adı çəkilir. Bu isə o deməkdir ki, istənilən halda hər iki referi oyuna təyinat alıb. Onlardan biri baş hakim, digəri isə ehtiyat hakim qismində meydanda olacaq. Yan xətt hakimləri isə hələ məlum deyil.
Əslində oyundan bir neçə gün öncə 4 referi ayrılaraq, otelə göndərilib. Bunlar Ağayev və Yusifovdan əlavə, futbol və futzal üzrə beynəlxalq dərəcəli hakimlər Vüsal Əliyevlə Elçin Məmmədov olub. Lakin sonradan son 2 hakim sərbəst buraxılıb. Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək final matçı saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Əliyar Ağayevin cəmi 25 yaşı var. AFFA Hakimlər Komitəsi final matçına təyinatları hələ gizli saxlayır.