Nazir UNESCO-nun tədbirində çıxış etdi
21.03.2023 , 10:13

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin iyunun 26-29-da Bakıda keçiriləcək VII Beynəlxalq Konfransına hazırlıq məqsədilə martın 20-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-ya üzv ölkələrin daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyası baş tutub.
Korner.az xəbər verir ki, 100-dək ölkə nümayəndəsinin iştirak etdiyi iclasın açılışında Azərbaycan Respublikasının gənclər və idman naziri, UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri Fərid Qayıbov çıxış edib və mötəbər tədbirə hazırlıq prosesi barədə məlumat verib.
Görüşdə UNESCO-nun baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Qabriela Ramos, eləcə də xüsusi qonaq qismində dəvət olunmuş tanınmış futbol veteranı, 1994-cü il dünya kubokunun sahibi Rai Souza Viyera de Oliveyra çıxış ediblər.
Tədbirdə həmçinin VII Beynəlxalq Konfransa hazırlıq, təşkilati məsələlər barədə, eləcə də Bakı şəhəri haqqında təqdimatlar olub.
Sonda Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi, səfir Elman Abdullayev qonaqları maraqlandıran sualları cavablandırıb.
