Azərbaycan və Gürcüstanın 2020-ci il futbol üzrə Avropa çempionatının keçirilməsi ilə bağlı namizədliyi UEFA tərəfindən iyunun 30-da elan olunacaq. Korner.az-ın "Trend" agentliyinə istinadən yaydığı məlumata görə, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
O deyib: "Bakı-nın 2020-ci il Olimpiya Oyunları üçün iddiaçı şəhər kimi təcrübəsi onu göstərdi ki, Azərbaycan daha çox kompleks idman yarışları keçirməlidir. Beynəlxalq Olimpia Komitəsinin Bakıda 2020-ci ildə Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı əsas iradları təcrübənin olmaması və Olimpiya standartlı komplekslərin azlığı ilə əlaqədar olub. Bu səbəbdən, Azərbaycan 2015-ci ildə ilk dəfə Avropa Olimpia Oyunlarını, 2016-cı ildə şahmat olimpiadasını, 2017-ci ildə İslam oyunlarının keçirilməsini planlaşdırır", – deyə A.Rəhimov bildirib.
