İyunun 3-də PFL prezidentliyinə keçirilmiş seçkilərdə bir qrup jurnalist AFFA-nın milli komandalarımızın oyunlarına yalnız konkret müəyyən edilmiş mətbuat nümayəndələrinin ezam edildiyini bildirmiş və assosiasiya başqanına bu ədalətsizlikdən şikayətlənmişdi. Ancaq toplantıda iştirak edən AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu deyilənləri təkzib edərək son illər 56 (?!) jurnalistin milli komandalarımızla birgə ezamiyyətdə olduğunu demişdi. Hətta o, konkret siyahını təqdim edə biləcəyini söyləmişdi. Siyahıda kimlərin yer aldığı maraq doğurduğundan, Nərimanoğluya müraciət etdik. Hər halda, az qala barmaqla sayılacaq qədər müstəqil düşüncəli jurnalistlərin adlarının olmadığı siyahıya kimlərin daxil edildiyini öyrənmək istəyirdik. Gəl gör ki, Mikayıl bəy mətbuat konfransında dediklərinin əksinə, siyahını təqdim etməkdən boyun qaçırdı: "Siyahı göz qabağındadı (?!-red.). Biz hər dəfər 10-12 jurnalisti millinin oyunlarına aparırıq. Siyahıya ehtiyac yoxdu. İstəyirsiz sizə sayım bilin”.
Nərimanoğlu bir-iki sayt və bir neçə telekanalın adını çəkdi çəkməsinə, amma… Adlarını çəkdiyiniz mətbuat orqanlarının əməkdaşlarının hamısını toplasan da, 56 jurnalist çıxmaz axı, Mikayıl bəy..!
AFFA rəsmisi onu da demişdi ki, ezamiyyətə aparılan sayt əməkdaşları işlədikləri veb-səhifənin reytinqinə uyğun olaraq seçilir. Yəni kimin oxucu sayı çoxdusa, onun əməkdaşı millinin səfər oyunlarına aparılır. Hətta onu da demişdi ki, bu reytinqölçmə ilə bağlı AFFA-nın xüsusi (?!-red.) mexanizmi var və onu da açıqlaya bilər. Ancaq deyəsən, Nərimanoğlu bu sözünü də unutmuşdu. İş ondadı ki, AFFA-nın reytinqi ölçən xüsusi mexanizminin nədən ibarət olduğunu soruşsaq da, konkret cavab ala bilmədik: "Bu praktikadan dünyada istifadə olunur (bəs demişdiz, AFFA-nın xüsusi mexanizmidi? – red.). Bunu deməyəcəm. Biz bilirik kim reytinqli, kim reytinqsizdir".
Hər halda, Rövnəq Abdullayevin yanında bir söz deyib, sonra dediyinə əməl etməmək heç yaxşı iş deyil, Mikayıl bəy.
Aşağıdakı video həmin toplantıda bəhsini etdiyimiz məsələlərin müzakirəsidi.
