Digər idman növləri

London Olimpiadasının məşəli alovlandırıldı – FOTO

10.05.2012 , 11:35

London Yay Olimpiya Oyunlarının məşəlinin estafeti bu gün Yunanıstan Qədim Olimpiya kəndində start götürüb. Korner.az-ın məlumatına görə, günəş işığı ilə alovlandırılan məşəl ilk olaraq Böyük Britaniyada dünyaya gələn 31 yaşlı yunan üzgüçü Spiros Yanniotisə verilib.

O, məşəli 19 yaşlı böyük britaniyalı Aleks Lukosa ötürəcək. Aleks də Yanniotis kimi yarı ingiltərəli, yarı yunandır. Lukos 2005-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Sinqapurdakı sessiyasındakı iştirak edən Böyük Britaniya nümayəndə heyətində ən gənc olub. London isə məhz həmin tədbirdə ev sahibliyini qazanıb.

Pekin Olimpiadasındakı qarışıqlıq və təhlükəsizlik xərcləri artıqdan sonra (2008) BOK yalnız 1 məşəl estafeti keçirməyi qərara alıb. Ancaq faktiki olaraq, London Olimpiadasının məşəli 3 ölkədə – Yunanıstan, Böyük Britaniya və İrlandiyanı “gəzəcək”.

Belə ki, Olimpiadanın rəmzi ilk həftəni Ellada torpağında olacaq. Onun yekun mərhələsi Afinada “Panatinaikos” stadionunda ev sahiblərinə rəsmən təqdim ediləcək. Həmin arenada 1896-cı ildə ilk Olimpiya Oyunları keçirilib.

Britaniya marşrutu mayın 19-da Kornuoll yarımadasının cənub-qərbi sonluğunda start götürəcək və məşəl bütün krallığın 1018 yaşayış məntəqəsində nümayiş olunacaq.

Qeyd edək ki, 8 min insanın daşıyacağı məşəl sonda Temza çayı ilə iyulun 27-də möhtəşəm Oyunların start götürəcəyi Startford rayonundakı Olimpiya stadionuna gətiriləcək.
apasport.az

Son yazılar

Yuxarı