“Kukesi”ni Bakıda “bizimkilər” qarşıladı
31.07.2018 , 11:14

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda sabah “Qarabağ”la qarşılaşacaq “Kukesi” Bakıya gəlib.
Gecə saatlarında paytaxtımıza çatan Albaniya klubunu Heydər Əliyev adına Beynəlxalq hava limanında “Qəbələ”nin hücumçusu Rauf Əliyev və “Keşlə”nin yeni baş məşqçisi Mladen Milinkoviç qarşılayıblar.
Xatırladaq ki, hər iki şəxs ötən mövsüm “Kukesi”nin uğurları üçün çalışıblar. Həm Əliyev, həm də Milinkoviç qış fasiləsində komandadan ayrılıblar.
Qeyd edək ki, “Qarabağ” – “Kukesi” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 21:00-da start götürəcək. Komandalar arasında ilk oyun qolsuz başa çatıb.
