Unibank Premyer Liqanın 30-cu turu çərçivəsində sabah “İnter” klubu öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu komandalar indiyə qədər 29 dəfə üz-üzə gəlib.
Sabah baş tutacaq qarşılaşma isə sayca 30-cu oyun olacaq. 21 matç çempionat, 8 qarşılaşmasa kubok turniri çərçivəsində keçirilib. 8 oyunda “İnter” qalib gəlib, 13 qarşılaşma sülhlə başa çatıb, 8 qarşılaşmada isə “Xəzər Lənkəran” komandası güclü olub (lənkəranlılar oyunsonrası penaltilərdə və bir dəfə əlavə olunmuş vaxtda "İnter"i məğlub ediblər). Toplar arasında fərq “Xəzər Lənkəran”ın xeyrinədir – 30:31.
Komandalar arasında ilk oyun 2004-ci il noyabrın 21-də, Azərbaycan çempionatının 2004-2005-ci il mövsümü çərçivəsində baş tutub. İlk görüşdə “İnter” rəqibini 1:0 minimal hesabla yenərək qələbəni bayram edib. Komandaların qarşıdurma tarixində ilk qolun müəllifi Vladimir Makovski olub.
Əgər yalnız çempionat oyunlarının nəticələri nəzərə alınarsa, o zaman 22 görüşdə balans belə alınır: “İnter” 6 dəfə qalib gəlib, 11 qarşılaşma heç-heçəylə başa çatıb və 4 dəfə lənkəranlılar meydanı qalib kimi tərk ediblər. Toplar arasında fərq 22:21 "İnter"in xeyrinədir.
Çempionat çərçivəsində keçirilən 10 ev matçında “İnter” aşkar üstünlüyə malikdir. Belə ki, "bankirlər" 4 görüşdə qalib gəlib, 5 matçda qalib müəyyənləşməyib və yalnız 1 oyunda qələbəni qonaq “Xəzər Lənkəran” komandası qeyd edib. Ev matçlarında top fərqi “İnter”in xeyrinədir – 12:9. Cari mövsümdə komandalar bir-birilə 5 dəfə qarşılaşıb. 3 matç çempionat çərçivəsində keçirilib, 2 matç isə kubok turnirinin payına düşür.
5 qarşılaşmanın 3-də “İnter” qalib gəlib – 1:0, 1:0 və 3:2, 1 dəfə heç-heçə qeydə alınıb və 1 dəfə lənkəranlılar qələbəyə seviniblər – 2:0. “İnter” – “Xəzər Lənkəran” qarşıdurmasında populyar hesab 1:1 və 1:0-dir. Belə hesab 7 dəfə qeydə alınıb.
Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” arasında matç sabah saat 19:00-da başlayacaq.
