Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "İnter" ilk yoxlama görüşünü keçirib. Korner.az-ın məlumatına görə, "bankirlər" "Spartak-Tsxinvali" klubu ilə qarşılaşıblar. "Mtskxeta Park" stadionunda baş tutan matçda "İnter" rəqibinə heç bir şans verməyib – 4:0.
Belə ki, gürcülərlə görüşün 30-cu dəqiqəsində Baçana Sxadadze hesabı açıb. 58-ci dəqiqədə hakim Daniel Genova qarşı edilən kobudluğa görə "Spartak"ın qapısına onbirmetrlik cərimə zərbəsini təyin edib və nöqtəyə yaxınlaşan Baçana Sxadadze dublunu rəsmiləşdirib. Bundan 11 dəqiqə sonra Asif Məmmədov rəqibin qapısına yol taparaq, top fərqini 3-ə çatdırıb. Görüşün əsas vaxtının bitməsinə 7 dəqiqə qalmış isə Ramil Mansurov qolkiperin qaytardığı topu qapıya göndərərək oyunun yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, Kaxaber Sxadadzenin yetirmələri toplanış çərçivəsində ikinci oyunu sentyabrın 8-də keçirəcəklər.
