Topaz Premyer Liqasının V turu “İnter” üçün uğurlu alındı. Zaur Svanadzdenin komandası səfərdə AZAL-ı 1-0 hesabı ilə üstələdi.
Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Mən oyundan və nəticədən razıyam. Heyətimizdə bəzi problemlər vardı. Rauf Əliyev zədə səbəbindən oyunda iştirak edə bilmirdi. İvan Benitez və Səlahət Ağayevin də problemləri var. AZAL kimi komanda ilə oynamaq çətindir. Bütün bunlara baxmayaraq, yaxşı nəticə qazandıq və çox sayda qol epizodları yaratdıq. Çalışacağıq ki, növbəti oyunlarda da qələbələr əldə edək”.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Ardıcıl 4 məğlubiyyətdən sonra “İnter”ə qarşı matçda qalib gəlmək, xal qazanmaq istəyirdik. Təəsüflər olsun ki, komandam birinci hissədə zəif çıxış etdi. İkinci hissədə təzyiqi artırıb, qol epizodları yaratdıq. Amma qol vura bilmədik. Hücumçu problemi aktual olaraq, qalır. Məğlubiyyətlər olsa da, AZAL mübarizə aparır. Lakin bu son deyil. Bizim məqsədimiz “qara zolaq”dan çıxmaqdır. Komandanın durumunu bilirsiniz. Bu heyətlə də olsa, “qara zolaq”dan çıxacağıq. İndiki vəziyyətdə komandanı bu vəziyyətdə qoyub getmək istəmirəm. Getsəydim, büdcəni eşidəndə gedərdim. Rəhbərlik istəsə gedərəm. Əgər bu yükün altına girmək istəyən varsa, mən getməyə hazıram”