Ukrayna milli komandasının aparıcı futbolçusu Andrey Şevçenko zədələnib. Korner.az-ın məlumatına görə, kapitan Avropa çempionatında İngiltərə yığması ilə həlledici görüşdən öncə dizindən zədələnib. 36 yaşlı futbolçu Fransa ilə 15 iyun qarşılaşmasında dizindən iki zərbə alıb. Nəticədə onun dizinə maye yığılıb. Zədənin oynaqdakı xroniki xəstəliklə bağlı olduğu bildirilir. Şevçenko zədə üzündən iyunun 16-da yığmanın məşqinə qatılmayıb. Lakin əvvəllər də belə hallarla üzləşdiyini nəzərə alan həkimlər onun 2-3 günə sıraya dönəcəyinə ümid edirlər.
Qeyd edək ki, Ukrayna yığması Avropa çempionatına İsveç üzərində 2:1 hesablı qələbə ilə başlayıb. Bu görüşdə Andrey Şevçenko “dubl” edib. Amma ikinci görüşdə həmtəşkilatçılar Fransaya uduzublar – 0:2. Hazırda Ukrayna 3 xalla D qrupunda 3-cü pillədə qərarlaşıb. ¼ finala vəsiqə üçün 4 xala malik İngiltərəni mütləq yenmək lazımdır. Oyun Donetskdəki “Donbass-Arena”da olacaq.